Azərbaycanın Sülh Şurasına qoşulması ölkənin qlobal söz sahibinə çevrildiyini göstərir – Azər Qarayev

Baş səhifə

Bakı. Trend:

2026-cı il yanvarın 22-də Davosda “Sülh Şurasının
Nizamnaməsi”nin imzalanması qlobal siyasətin yeni arxitekturasında
mühüm bir mərhələ kimi qiymətləndirilir. Bu sənədə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin də imza atması ölkənin
beynəlxalq münasibətlər sistemində artan çəkisinin, etibarlı
tərəfdaş imicinin və regional aktordan qlobal oyunçuya doğru
irəliləyən rolunun növbəti təsdiqidir. Bu addım Azərbaycanın qlobal
söz sahibinə çevrildiyini göstərir.

Bunu Trend-ə
açıqlamasında politoloq Azər Qarayev deyib.

“Sülh Şurası təşəbbüsü dünyanın müxtəlif bölgələrindən olan
dövlətləri, siyasi liderləri və strateji tərəfdaşları bir
platformada birləşdirərək qlobal təhlükəsizlik, münaqişələrin
qarşısının alınması və siyasi dialoqun təşviqi məqsədi daşıyır.
Müasir dünyada müharibələr, regional böhranlar, enerji və nəqliyyat
marşrutları ətrafında gərginliklər fonunda belə bir platformanın
yaradılması obyektiv zərurətdən doğur. Bu qurum klassik beynəlxalq
təşkilatlardan fərqli olaraq, çevik qərarvermə, siyasi etimad və
qarşılıqlı öhdəliklər üzərində qurulub. Yəni burada əsas məsələ
təkcə formal üzvlük deyil, qarşılıqlı etibara əsaslanan strateji
tərəfdaşlıqdır. Məhz bu kontekstdə Azərbaycanın Sülh Şurasına daxil
olması xüsusi əhəmiyyət daşıyır”, – o bildirib.

Onun sözlərinə görə, son 20 ildə Azərbaycan xarici siyasətdə
nadir hallarda rast gəlinən balanslı və proqnozlaşdırıla bilən xətt
yürüdüb. Rəsmi Bakı eyni zamanda Avropa İttifaqı, ABŞ, Rusiya, Çin,
İslam dünyası və Türk dövlətləri ilə əməkdaşlığı paralel şəkildə
inkişaf etdirə bilib. Bu, böyük güclər arasında rəqabətin
kəskinləşdiyi bir dövrdə çox az ölkəyə nəsib olan diplomatik
bacarıqdır.

“Birincisi, enerji sahəsində öhdəliklərinə sadiqlik. Azərbaycan
Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkəyə
çevrilib. Cənub Qaz Dəhlizi layihəsi, TANAP və TAP kimi nəhəng
infrastruktur layihələri Azərbaycanın verdiyi sözə əməl edən
tərəfdaş olduğunu sübut edib. İkincisi, tranzit və nəqliyyat
sahəsində etibarlılıq. Bakı-Tbilisi-Qars dəmir yolu, Orta Dəhliz,
Bakı limanı və Xəzər üzərindən keçən yük marşrutları Azərbaycanın
qlobal logistika zəncirində mühüm həlqə olduğunu göstərir.
Üçüncüsü, təhlükəsizlik və regional sabitlik məsələlərində
ardıcıllıq. Azərbaycan 44 günlük müharibədən sonra regionda yeni
reallıq yaradaraq sülh gündəliyini önə çəkib. İndi Bakı
münaqişələrdən deyil, kommunikasiyaların açılmasından və
əməkdaşlıqdan danışan paytaxta çevrilir. Azərbaycan artıq təkcə BMT
və Qoşulmama Hərəkatı kimi klassik platformalarda deyil, yeni
yaranan və gələcəyi formalaşdıran beynəlxalq təşəbbüslərdə də aktiv
rol alır. Qoşulmama Hərəkatına sədrliyi dövründə Bakı bu qurumu
faktiki olaraq yenidən canlandırdı, onu qlobal problemlərin
müzakirə edildiyi real platformaya çevirdi. Pandemiya dövründə
Azərbaycanın təşəbbüsü ilə keçirilən beynəlxalq zirvə toplantıları,
inkişaf etməkdə olan ölkələrə humanitar yardım göstərilməsi və
ədalətli qlobal paylanma çağırışları Bakının qlobal məsuliyyət
hissini nümayiş etdirdi. Sülh Şurasına qoşulmaq da bu xəttin
məntiqi davamıdır. Azərbaycan artıq qlobal proseslərin
formalaşmasına təsir göstərən ölkədir”, – o bildirib.

Politoloq qeyd edib ki, Azərbaycanın Sülh Şurasına daxil olması
region üçün də yeni imkanlar açır.

“Cənubi Qafqaz uzun illər münaqişə və qeyri-sabitlik məkanı kimi
tanınıb. İndi isə Azərbaycan bu regionu əməkdaşlıq, nəqliyyat,
enerji və sülh zonası kimi təqdim edir. Sülh Şurasındakı iştirak
Bakıya regional təşəbbüslərini qlobal platformada daha effektiv
şəkildə irəli sürmək imkanı verir. Zəngəzur dəhlizi, Orta Dəhliz və
Qara dəniz-Xəzər bağlantıları artıq təkcə regional layihələr deyil,
beynəlxalq gündəliyin bir hissəsidir. Bundan əlavə, bu addım
Azərbaycanın müstəqil siyasət yürüdən ölkə statusunu daha da
möhkəmləndirir. Bakı heç bir blokun forpostu deyil, amma bütün əsas
güc mərkəzləri üçün etibarlı tərəfdaşdır. Beynəlxalq siyasətdə ən
qiymətli kapital etibardır. Azərbaycan məhz bu kapitalı illər
ərzində formalaşdırıb. Bakının mövqeləri sərt ritorikadan çox
praqmatizmə, emosiyadan çox hesablanmış qərarlara əsaslanır. Bu isə
onu proqnozlaşdırılan tərəfdaş edir”, – o bildirib.

A.Qarayev vurğulayıb ki, Sülh Şurası kimi platformalar məhz belə
ölkələrə ehtiyac duyur – sözünün arxasında duran, daxili sabitliyi
təmin edən və xarici siyasətdə məsuliyyətli davranan
dövlətlərə.

“Azərbaycanın “Sülh Şurasının Nizamnaməsi”nə imza atması sadəcə
bir diplomatik hadisə deyil. Bu, ölkənin beynəlxalq sistemdə
qazandığı etimadın, nüfuzun və strateji çəkisinin rəsmi təsdiqidir.
Azərbaycan artıq təkcə regional lider deyil, qlobal sülh və
təhlükəsizlik arxitekturasının formalaşmasında iştirak edən
aktordur. Davosda atılan bu imza Bakının gələcəkdə daha böyük
diplomatik, siyasi və iqtisadi platformalarda söz sahibi olacağının
xəbərçisidir. Sülh Şurasında Azərbaycan kimi etibarlı tərəfdaşın
yer alması isə bu qurumun özünün də gələcək effektivliyini artıran
əsas amillərdən biri olacaq”, – politoloq əlavə edib.