
Bakı. Trend:
Baş Dövlət Yol Polisi İdarəsi ölkənin bəzi ərazilərində müşahidə
olunan dumanlı hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına
çağırış edib.
Trend xəbər verir
ki, müraciətdə deyilir: “Hazırda ölkə ərazisinin bəzi hissələrində
müşahidə olunan dumanlı hava şəraiti görünüş məsafəsini kəskin
şəkildə azaldır və yol-nəqliyyat hadisələri riskini artırır. Bu
şəraitdə həm sürücülərin, həm də piyadaların diqqətli və
məsuliyyətli davranışı həyati əhəmiyyət daşıyır.
Sürücülərə hərəkətə başlamazdan əvvəl duman faralarının və
işıqlandırma sistemlərinin sazlığını yoxlamaq, sürət həddini
görünüş məsafəsinə uyğun seçmək, qəfil manevr və ötmələrdən
çəkinmək, öndə hərəkət edən nəqliyyat vasitəsi ilə təhlükəsiz
məsafə saxlamaq tövsiyə olunub. Həmçinin zərurət olmadıqca dumanlı
hava şəraitində səfərlərin təxirə salınması, dayanma və ya qəza
zamanı isə qəza işıqlarından və xəbərdaredici nişanlardan istifadə
edilməsi vurğulanıb.
Piyadalara isə yolu yalnız müəyyən olunmuş piyada keçidlərindən
keçmək, qaranlıq və dumanlı hava şəraitində açıq və ya işıqəks
etdirən geyimlərə üstünlük vermək, yolun hərəkət hissəsinə qəfil
çıxmamaq tövsiyə edilib. Bildirilib ki, dumanlı havada sürücülərin
piyadaları vaxtında görməsi çətinləşir.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət
iştirakçılarını diqqətli olmağa çağıraraq qeyd edib ki, bir anlıq
ehtiyatsızlıq geri dönüşü olmayan nəticələrə səbəb ola bilər və
təhlükəsiz yol hər kəsin birgə məsuliyyətidir.

