Azərbaycanı qüdrətli dövlətçiliyə və inkişafa aparan yolun başlanğıc tarixi

Baş səhifə

Bakı. Trend:

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi
fəaliyyəti ilə bağlı olan hər bir əlamətdar hadisənin və tarixi
günün Azərbaycanın müasir dövlətçilik tarixində xüsusi yeri, mühüm
əhəmiyyəti var. Çünki Ulu Öndərin zəngin siyasi fəaliyyətinin
ayrı-ayrı mərhələləri və onun adı ilə bağlı tarixi hadisələr
Azərbaycanın taleyində mühüm dönüş nöqtələri kimi yadda qalıb. Bu
hadisələrin hər biri həm sovet, həm də müstəqillik illərində
Azərbaycanın tarixində yeni mərhələnin əsasını qoyub. Ona görə 14
iyul, 15 iyun kimi tarixlər respublika ictimaiyyəti tərəfindən hər
zaman böyük minnətdarlıqla xatırlanır və qeyd olunur.

Ulu Öndər Heydər Əliyevin ilk dəfə Azərbaycan Prezidenti
seçildiyi 1993-cü ilin 3 oktyabr tarixi də ən əlamətdar günlərdən
biri kimi müasir dövlətçilik tariximizdə xüsusi yer tutur. Məhz
həmin tarixdən etibarən Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda
müstəqilliyin etibarlı təməllərinin yaradılmasına, sosial-iqtisadi
tənəzzülün aradan qaldırılmasına, hüquqi, dünyəvi və demokratik
dövlət quruculuğuna xidmət edən islahatların həyata keçirilməsinə
başlanıldı.

Əvvəlcə onu qeyd edim ki, Ümummilli Lider Heydər Əliyevin 33 il
əvvəl Azərbaycan Respublikasının Prezidenti seçilməsi Ulu Öndərə
olan ümumxalq inam və etimadın seçki yolu ilə təsdiqi idi. Bundan
bir neçə ay əvvəl Heydər Əliyev xalqın təkidli istək və arzusu ilə
Naxçıvandan Bakıya gəlmiş, müdrikliyi, dühası və iradəsi ilə
respublikamızı məhvə aparan siyasi-hərbi proseslərin qarşısını
almış, antiazərbaycançı dairələrin planlarını iflasa uğratmışdı.
1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçilən
Heydər Əliyevin qısa müddətdə həyata keçirdiyi tədbirlər göstərirdi
ki, qətiyyətli və güclü liderin rəhbərliyi ilə mürəkkəb
siyasi-hərbi gərginliyə son qoymaq, sabitliyi təmin etmək, dövlət
idarəçiliyini möhkəmləndirmək və Azərbaycanın gələcək inkişafının
möhkəm təməlini yaratmaq mümkündür. Ona görə 1993-cü ilin
oktyabr ayına təyin olunan prezident seçkilərində də xalqın
namizədi Heydər Əliyev idi. Seçki günü səsvermənin nəticələri də
bunu təsdiq etdi.

1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkiləri həm də
müstəqil Azərbaycanın ilk demokratik seçkisi kimi tarixə düşdü və
bununla da respublikamızda azad, ədalətli və şəffaf seçkilərin
keçirilməsinin əsası qoyuldu. Bu mənada həmin seçki xalqımız üçün
mühüm tarixi hadisə, eyni zamanda, inkişafa və güclü Azərbaycan
dövlətçiliyinə gedən yolun ilk siyasi pilləsi idi.

Seçkilərdən bir həftə sonra, oktyabrın 10-da keçirilən andiçmə
mərasimində Heydər Əliyev demişdi:

“Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə
göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına,
Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək
istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət
edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək
inkişafına sərf edəcəyəm”.

Artıq 1993-cü ilin payızından etibarən Azərbaycanda cərəyan edən
bütün proseslər ölkəmizə güclü siyasi liderin rəhbərlik etməsindən
xəbər verirdi. O zaman Ulu Öndərin həyata keçirdiyi ilk
təxirəsalınmaz tədbirlərdən biri vahid komandanlığa əsaslanan
Azərbaycan Ordusunun yaradılması oldu. Məhz bunun sayəsində nəinki
Ermənistanın daha da təcavüzkar planlarının qarşısı alındı, o
cümlədən cəbhənin müxtəlif istiqamətlərində torpaqlarımız işğaldan
azad edildi.

Ulu Öndərin o zaman atdığı digər təxirəsalınmaz addım ölkədə
sabitliyin bərqərar edilməsi oldu. Cəmiyyətdə qorxu və xof yaradan
qanunsuz silahlı dəstələrin ləğv edilməsi, kriminogen vəziyyətin
nəzarət altına alınması, dövləti cinayətlərdə əli olan şəxslərin
hüquqi məsuliyyətə cəlb olunması ilə insanlar rahat nəfəs
aldılar.

1994-cü ildə cəbhədə atəşkəsin elan olunması qarşıda duran
ümummilli vəzifələrin daha sürətlə həyata keçirilməsinə əlverişli
şərait formalaşdırdı. 1994-cü ilin sentyabr ayında Bakıda dünyanın
tanınmış neft şirkətləri ilə “Əsrin müqaviləsi”nin imzalanması,
hüquqi, iqtisadi, sosial və aqrar islahatların həyata keçirilməsinə
başlanılması, milli həmrəyliyin təmin olunması, xalqımızın
azərbaycançılıq ideyası ətrafında birləşməsi, bütün sahələrdə
tərəqqiyə doğru dönüşün baş verməsi, respublikamızın beynəlxalq
əlaqələrinin yaradılması, xarici siyasət kursunun müəyyən edilməsi
Azərbaycanın artıq müstəqil dövlət kimi inkişaf yoluna qədəm
qoyduğunu göstərirdi.

O dövrdə Heydər Əliyevin siyasi qətiyyətinin və eyni zamanda
xalqın öz dahi rəhbəri ətrafında sıx səfərbər olmasının daha bir
göstəricisi dövlət çevrilişi cəhdlərinin qarşısının alınması oldu.
1994-cü ilin sentyabrında və 1995-ci ilin mart ayında baş verənlər
Azərbaycanın müstəqilliyini və Heydər Əliyev siyasətinin uğurlarını
həzm edə bilməyən antimilli şəbəkələrin ölkəmizi öz inkişaf
yolundan döndərmək cəhdi idi. Lakin bütün bu çirkin cəhdlər Heydər
Əliyev siyasi kursunun və xalq-iqtidar birliyinin qarşısında iflasa
uğradı.

Beləliklə, respublikamızı bütün təhlükələrdən xilas edən,
müstəqilliyimizi əbədi edən Ulu Öndər Heydər Əliyev özünün siyasi
dühası ilə bu gün uğurları ilə qürur duyduğumuz müasir Azərbaycan
dövlətini yaratdı.

Heydər Əliyevin yaratdığı Azərbaycan Ulu Öndərin siyasi kursunu
uğurla davam etdirən Prezident İlham Əliyev cənablarının rəhbərliyi
ilə ötən 23 ildə böyük inkişaf yolu keçərək tarixinin ən qüdrətli
dövləti səviyyəsinə yüksəlib. Bu dövrdə respublikamızın qarşısında
dayanan bütün milli vəzifələr layiqincə icra olunub. Heydər
Əliyevin müəllifi olduğu enerji siyasətinin qətiyyətlə davam
etdirilməsi, iqtisadiyyatımızın inkişafı, Azərbaycanın regionun
əsas nəqliyyat qovşağına çevrilməsi ölkəmizə Cənubi Qafqazın lider
dövləti statusu qazandırıb və Avrasiya coğrafiyasındakı mövqelərini
əhəmiyyətli dərəcədə möhkəmləndirib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən dövrdə Azərbaycanın
qazandığı ən böyük tarixi uğurlar isə, əlbəttə ki, torpaqlarımızın
işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunmasıdır.
Bütün bunlar həm də Heydər Əliyevin ideyalarının təntənəsinin,
arzularının real həyata vəsiqə almasının möhtəşəm təcəssümüdür.

Müstəqil Azərbaycanın uğurlu inkişaf yolu 1993-cü ildə Heydər
Əliyevin Azərbaycana rəhbərlik etməsi ilə başladı. Məhz buna görə
Ulu Öndərin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti
seçildiyi 1993-cü ilin 3 oktyabr tarixi respublikamızın müasir
dövlətçilik salnaməsinə yeni inkişaf mərhələsinin başlanğıcı kimi
həkk olunub. Bu tarixi hadisə Azərbaycanın müstəqilliyinin
möhkəmləndirilməsi, dövlətçiliyimizin gücləndirilməsi və ölkəmizin
davamlı inkişafının təmin edilməsi istiqamətində əsas dönüş nöqtəsi
oldu.