Azərbaycan və İraq XİN rəhbərləri Yaxın Şərqdə gərginliyin azaldılması üçün təmkin nümayiş etdirməyə çağırdılar

Baş səhifə

Bakı. Trend:

Martın 1-də Azərbaycan Respublikasının xarici işlər naziri
Ceyhun Bayramov ilə İraq Respublikasının Baş nazirinin müavini və
xarici işlər naziri Fuad Hüseyn arasında telefon danışığı baş
tutub.

Trend-in
məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN)
məlumat yayıb.

Nazirlər telefon danışığı zamanı Yaxın Şərqdə müşahidə olunan
hərbi eskalasiya və gərgin təhlükəsizlik vəziyyəti ətrafında fikir
mübadiləsi aparıblar. Bütün tərəflərin təmkin nümayiş etdirməsinin,
gərginliyi artıracaq addımlardan çəkinilməsinin və mövcud
mübahisələrin həlli üçün diplomatik kanallara üstünlük verilməsinin
zəruri olduğu vurğulanıb.

Nazirlər beynəlxalq ictimaiyyətin koordinasiyalı səylərinin
önəmini qeyd edib, mülki əhalinin və infrastrukturun qorunmasının
prioritet məsələ olduğunu vurğulayıblar.

Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlər
də müzakirə olunub.