“Azərikimya”: “Zavoddakı yanğında xəsarət almış mexanik iş fəaliyyətini davam etdirir” – YENİLƏNİB+FOTO/VİDEO

Cəmiyyət


SOCAR-ın Etilen-Polietilen zavodunda yanğın zamanı xəsarət almış mexanikin səhhətində problem yoxdur, iş fəaliyyətini davam etdirir.

Bu barədə “SOCAR Downstream Management” MMC-dən məlumat verilib.

Bildirilib ki, iyunun 13-də “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda Qaz məhsullarının qəbulu və buraxılışı sahəsində 600 kubmetrlik E3-1 hidrotəmizlənmənin ilkin emal benzini qurğusunun qoruyucu klapanının dəyişdirilməsi zamanı havayla təmas nəticəsində yanğın baş verib. Alovlanma xammal çənlərinə qalmış qalıq xammalında olub və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam olaraq söndürülüb.

Vurğulanıb ki, yanğın zamanı ərazidə çalışan və yüngül xəsarət alan mexanikə yerində ilkin tibbi yardım göstərilib, səhhətində hər hansı problem yoxdur, iş fəaliyyətini davam etdirir. “Azərikimya” İB-nin texnoloji istehsal prosesi̇ normal rejimdə çalışır.

19:48

Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen Zavodunda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) tərəfindən söndürülüb.

Bu barədə FHN-ə istinadən xəbər verir.

Yanğınsöndürmə qüvvələrinin çağırış üzrə hadisə yerinə operativ çatması və peşəkar fəaliyyəti sayəsində yanacaq çənindəki yanğının mümkün partlayışla nəticələnməsi və digər çənlərə keçərək ağır fəsadların yaranmasına imkan verilməyib.

Qeyd edək ki, yanğının söndürülməsi əməliyyatında ümumilikdə 25 ədəd texnika və 135 nəfərə yaxın canlı qüvvə iştirak edib. Əməliyyata rəhbərliyi DYMX-nin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasov edib.

18:26

Bu gün Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen zavodunda baş verən yanğın nəticəsində atmosferə yayılan qara tüstü axını ilə əlaqədar havanın çirklənmə səviyyəsini müəyyən etmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən hazırda sanitar mühafizə zonasından xüsusi cihazlarla nümunələr götürülür.

resmixeber.az xəbər verir ki, nazirliyin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, götürülmüş nümunələr üzərində laborator analiz aparıldıqdan sonra nəticələr barədə məlumat veriləcək.

15:22

Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen Zavodunda baş verən yanğınla bağlı  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri və mütəxəssisləri hazırda hadisə yerindədirlər.

Bu barədə resmixeber.az-ın sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

O bildirib ki, yanğın nəticəsində havaya qatı tüstü yayılıb:

“Hazırda Ətraf Mühitin Monitorinqi üzrə Mərkəzin əməkdaşları tərəfindən ərazidə atmosfer havasının monitorinqi işlərinə başlanılıb”.

13:36

Sumqayıtda zavodda başlayan yanğının söndürülməsi üçün xüsusi texnika cəlb edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən Etilen-Polietilen Zavodunun ərazisində yerləşən yanacaq çənində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Yanğınsöndürənlər xüsusi təyinatlı texnikaların tətbiqi ilə yanan çənin söndürülməsi, həmçinin ətrafdakı digər çənlərin soyudulması ilə alovun onlara keçməsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirirlər.

Hazırda fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasov və Nazirliyin baş hərbi eksperti polkovnik Fərhad Səmədov hadisə yerindədirlər.

13:05

Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen Zavodunda başlayan yanğının söndürülməsi davam edir.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hazırda yanğının yayılmasının qarşısının alınması və məhdudlaşdırılması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər görürlər.

11:52

Sumqayıtda zavodda yanğın başlayıb.

“Trend”in məlumatına görə, hadisə şəhər ərazisində yerləşən Etilen-Polietilen zavodunda baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb olunub.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Sumqayıt ərazisində Etilen-Polietilen zavodunda yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

“Hazırda qüvvələrimiz əraziyə cəlb olunub. Yanğınla mübarizə tədbirləri davam etdirilir”.

Könül Cəfərli

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir