25 sentyabr 2024-cü ildə Azərbaycan Milli Xalça Muzeyində Milli Məclisin üzvü, 2020-2023-cü illərdə Mədəniyyət Komitəsinin sədri olmuş tanınmış ictimai xadim, Prof.Dr. Qənirə Xanım Paşayevanın unudulmaz xatirəsinə həsr olunmuş “Qənirə Paşayeva – İTHAF” adlı bədii sərginin açılışı keçirilib.
Sərginin açılış mərasiminin aparıcısı, şair-publisist Əkbər Qoşalı bildirib ki, Milli Məclisin Mədəniyyət Komitəsi, Rəssamlar İttifaqı və “HüsnART” Müstəqil Sənət Ocağının təşkilatçılığı, Mədəniyyət Nazirliyi və Milli Xalça Muzeyinin dəstəyi ilə keçirilən sərgidə, ikisi Xalq rəssamı, biri Əməkdar rəssam olmaqla, Azərbaycan Rəssamlar İttifaqının (ARİ) üzvü olan 7 tanınmış rəssamın əsərləri nümayiş olunur.
Sərgi iştirakçılarına həmçinin müvafiq kataloq təqdim edilib.
Sərgi və kataloq haqqında yığcam bilgi paylaşımından sonra çıxışlar olub.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlu, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, ARİ-nin sədri, Xalq rəssamı Fərhad Xəlilov çıxış edərək, sərgini bir vəfa borcu olmaqla yanaşı, sənət hadisəsi kimi xarakterizə edib, yeni əsərlərin məziyyətlərindən söz açıb.
Sonra Türkiyə səfirliyinin müşaviri, professor Muhiddin Məcid, Azərbaycanın Xalq rəssamı Sirus Mirzəzadə, Kərkük Kültür Mərkəzinin başqanı Dr. Şəmsəddin Kuzəçi, “Bakı” Qalereyasının direktoru Eldəniz Babayev, Əməkdar elm xadimi Prof.Dr. Qəzənfər Paşayev və Xalq şairi Sabir Rüstəmxanlı ürək sözlərini bölüşüb.
Çıxışlarda Qənirə Paşayeva sənətə, sənətkara xeyirxah münasibəti ilə seçilən ictimai xadim və Turan sevdalısı olaraq xarakterizə edilib.
Xalq rəssamı Arif Hüseynov Qənirə xanım Paşayeva ilə yaradıcı əməkdaşlığından söz açıb, sərgi haqqında ətraflı danışdıqdan sonra, Qənirə xanımın ailəsinə xatirə hədiyyəsi – üstünə özəl miniatürlər işlənmiş saz təqdim edib.
Qənirə Paşayevanın bacısı Kəmalə Paşayeva ailə adından çıxış edərək, sərginin iştirakçısı olan rəssamlara, təşkilatçı qurumlara, sərginin təşkilində əməyi olan hər kəsə təşəkkür edib.
Daha sonra sərginin açılış lenti kəsilib, qonaqlar əsərlərlə tanış olublar.
Onu da vurğulayaq ki,
sərginin koordinatoru istedadlı sənətşünas Ziyarət Qəhrəmanova-Cabarovadır.
Azərbaycanın Əməkdar rəssamı, Millət vəkili Ülviyyə Həmzəyeva,
Xalq rəssamları – Arif Huseynov, Sirus Mirzəzadə, ARİ-nin üzvləri – “Bakı” Qalereyasının direktoru Eldəniz Babayev, Fikrət İbrahimli, Gülxan Bəydəmir və Yusif Mirzə Qənirə Paşayevanın həyatı və yaradıcı fəaliyyətinə müraciət edərək təkrarsız sənət əsərləri ilə sərgiyə qatılıb.
Hər bir rəssamın böyük sevgi və həvəslə qatıldığı bədii sərgidə müxtəlif janr və texnikalı 40-a yaxın rəngkarlıq tabloları və qrafik lövhələrdən ibarət rəsm əsərləri nümayiş olunur. Kətan üzərində yağlı boya texnikası ilə işlənmiş portret və mənzərə janrlı lövhələr, kağız üzərində tuş, qara qələmlə çəkilmiş portret və mənzərə əsərləri, müxtəlif texnikalı kompozisiyalar, xəttatlıq örnəklərinin yer aldığı sərginin ekspozisiyasındakı əsərlərin hər biri rəssamların Qənirə xanımla olan əvəzsiz xatirələrindən yaranıb.
Qeyd edək ki, sərgi sentyabrın 30-dək davam edəcək və hər gün saat 10.00-dan 18.00-dək baxış üçün açıq olacaq.