
Bakı. Trend:
Dünyada minik və yüngül kommersiya avtomobillərinin satışları
2026-cı ilin əvvəlindən etibarən ardıcıl səkkizinci aydır ki,
geriləyir.
“Avtostat” bu barədə “GlobalData” analitik agentliyinin
məlumatlarına istinadən xəbər verib.
Avqust ayında qlobal avtomobil bazarında 6 857 920 avtomobil
satılıb. Bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 5,9% azdır.
İlin ilk səkkiz ayında isə dünya üzrə avtomobil satışlarının həcmi
4,1% azalaraq 56 847 175 ədəd təşkil edib.
Avqustda avtomobil satışlarına görə Çin 1 675 599 ədəd göstərici
ilə dünya liderliyini qoruyub. Ölkədə satışlar 2025-ci ilin avqust
ayı ilə müqayisədə 24,5% azalıb. ABŞ-də isə hesabat ayında 1 400
702 avtomobil satılıb ki, bu da illik müqayisədə 4,7% geriləmə
deməkdir.
Qərbi Avropada avtomobil bazarı avqust ayında artım nümayiş
etdirib. Regionda satışlar 5,3% artaraq 820 329 ədədə çatıb. Şərqi
Avropada isə avtomobil satışları 5,1% azalaraq 362 142 ədəd
olub.
Hindistanda avqust ayında dilerlər tərəfindən 511 372 avtomobil
satılıb. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 34,6% çoxdur. Cənubi
Amerikada isə satışlar 14,4% artaraq 304 806 ədədə yüksəlib.
Dünyanın əsas avtomobil bazarları arasında Yaponiyada 315 885
avtomobil (+5,9%), Kanadada 168 454 avtomobil (+0,1%), Cənubi
Koreyada isə 109 681 avtomobil (-19,7%) satılıb.

