
Bakı. Trend:
Almaniyanın lüks idman avtomobilləri istehsalçısı “Porsche”
xərclərin azaldılması proqramı çərçivəsində daha 4 minədək iş
yerinin ixtisarını nəzərdən keçirir.
“Bild” qəzeti xəbər verir ki, ixtisarların əsasən idarəetmə və
inzibati bölmələri əhatə edəcəyi gözlənilir.
Şirkətin fəaliyyətinin optimallaşdırılmasına yönəlmiş
genişmiqyaslı proqramın hazırlandığı və iyulun sonunadək
açıqlanacağı bildirilib.
Məlumata əsasən, hazırda rəhbərliklə işçilərin nümayəndələri
arasında yeni qənaət paketi üzrə danışıqlar aparılır. Şirkət daha
əvvəl 2029-cu ilədək Ştutqart regionunda 1900 iş yerinin sosial
təminatlar nəzərə alınmaqla ləğv ediləcəyini açıqlamışdı. Bundan
əlavə, müddətli əmək müqaviləsi ilə çalışan təxminən 2 min
əməkdaşın müqaviləsi uzadılmayıb. Şirkət mayda daha üç törəmə
müəssisəsini bağlayacağını açıqlayıb ki, bu da əlavə 500 işçiyə
təsir göstərəcək. Qərar zəif satış göstəriciləri, xüsusilə Çin
bazarındakı geriləmə və yüksək investisiya xərcləri ilə
əlaqələndirilir.

