
Bakı. Trend:
“Baku Network” platformasında “Tofiq Abbasovla Dialoq” analitik
videolayihəsinin növbəti buraxılışı yayımlanıb.
Trend xəbər verir
ki, verilişin bu dəfəki qonağı Azərbaycanın Xalq artisti, Bülbül
adına Orta İxtisas Musiqi Məktəbinin direktoru, dirijor Teymur
Göyçayev olub.
O bildirib ki, regionumuza yeni nəfəs gətirmək lazımdır:
“Biz hərbi qarşıdurmanın çətin mərhələsindən keçmişik, sonra isə
yadlaşma divarları peyda oldu. İndi bu divarları dağıtmaq,
insanlara gələcəyə inam və ümid aşılamaq lazımdır. Musiqi bu
prosesdə çox böyük rol oynaya bilər – o, birləşdirir, çünki
musiqiçilərin bir dili var, o da notlardır”.
Göyçayev vurğulayıb ki, məhz musiqi vasitəsilə xalqlar arasında
körpülər qurmaq, təbii insani ünsiyyəti bərpa etmək mümkündür.
O, gənclərin tərbiyəsinə xüsusi önəm verdiyini qeyd edib.
“Mən şagirdlərimə həmişə deyirəm: siz planetin
vətəndaşlarısınız, musiqinin milliyyəti yoxdur. İncəsənət –
ölkəsindən və ya inancından asılı olmayaraq hər kəs üçün anlaşılan
bir dildir”, – deyə dirijor bildirib.
Onun sözlərinə görə, bu gün Azərbaycan ölçülüb-biçilmiş,
sülhpərvər mövqe nümayiş etdirir.
“Sülh hamı üçün faydalıdır. Müharibələri qızışdıranlar qan
üzərindən qazanc əldə edirlər, bizə isə düşmənçilik olmadan gələcək
qurmaq lazımdır”, – deyə Göyçayev qeyd edib.
O bildirib ki, rəhbərlik etdiyi məktəbdə 380-dən çox uşaq təhsil
alır və müəllimlərin vəzifəsi təkcə musiqi öyrətmək deyil, həm də
mənəvi cəhətdən yetkin şəxsiyyət formalaşdırmaqdır.
“Əgər müəllim yaxşılıq daşıyırsa, uşaqlar bunu hiss edirlər.
Əgər pedaqoq nifrətdən danışırsa, onlar da nifrət edəcəklər. Ona
görə də aşılamaq lazımdır ki, dünya kiçikdir, istəsən də, istəməsən
də dost olmalısan. Bunu isə musiqi vasitəsilə izah etmək ən asan
yoldur”, – deyə o bildirib.
Xalq artistinin sözlərinə görə, Azərbaycan musiqi məktəbi həmişə
yüksək peşəkarlığı ilə seçilib.
“Bizim məzunlarımız xaricdə nüfuzlu konservatoriyalara qəbul
olunur, müxtəlif ölkələrin orkestrlarında çalışırlar. Bu, böyük
zəhmətin nəticəsidir. İstedad bir faizdirsə, doxsan doqquz faizi
gündəlik zəhmətdir. Mən şagirdlərimə deyirəm: dünya səhnəsində
hörmət qazanmaq istəyirsinizsə, peşəkar olun”, – deyə Göyçayev
vurğulayıb.
Söhbəti yekunlaşdıran maestro əminliyini ifadə edib ki,
münaqişələrin nəticələrinin aradan qaldırılmasında məhz incəsənət
mühüm rol oynayacaq.
“Rostropoviç dağıdılmış Berlin divarının yanında ifa edəndə
sülhə olan inamını ifadə edirdi. Biz də ifa etməliyik – həm
birbaşa, həm də məcazi mənada. Musiqi ruhları sağaldır, insanları
yaxınlaşdırır və ən möhkəm divarları belə dağıtmağa qadirdir. Bu,
sülhə aparan yolumuzdur”, – deyə Teymur Göyçayev yekunlaşdırıb.
Verilişin tam videoburaxılışını təqdim edirik.

