
Bakı. Trend:
Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən
kompleks əməliyyat-axtarış və nəzarət tədbirləri nəticəsində
Avropaya daşınması nəzərdə tutulan xüsusilə külli miqdarda narkotik
vasitə-heroin aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə,
Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam
Respublikasından Estoniya Respublikasına “kafel yapışdırıcısı” yükü
aparan vaqon “Astara Dəmir Yolu” gömrük postunda saxlanılıb və yükə
stasionar rentgen qurğusunda baxış keçirilib.
Baxış zamanı şübhəli cizgilər müşahidə olunduğundan yükə
kinoloji xidmət iti vasitəsilə əsaslı gömrük yoxlaması tətbiq
edilib.
Kinoloji xidmət itinin reaksiyasından sonra aparılan yoxlama
zamanı 3250 ədəd kisədən 44-də xüsusilə külli miqdarda,
qablaşdırmaları ilə birlikdə ümumi təqribi çəkisi 456 kq 800 qram
olan narkotik vasitə-heroin aşkar edilib.
Qeyd edək ki, aşkar edilən narkotik vasitənin Avropa qara
bazarında təqribi pərakəndə satış qiyməti 90 milyon ABŞ dollarından
yuxarıdır.


