
Bakı. Trend:
Son 5 il ərzində (2020-ci ilin iyun ayı ilə müqayisədə) mənzil
qiymətlərində 46% artım olub.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər
verir.
Qeyd edilib ki, ilkin və təkrar bazar üzrə mənzil qiymətləri
artmaqdadır. 2020-ci ildə pandemiya ilə əlaqədar olaraq daşınmaz
əmlak bazarında qiymətlərdə nisbətən sabitlik müşahidə olunub,
lakin sonrakı illərdə artım meylləri müşahidə edilib.
Məlumata əsasən, 2025-ci ilin ilk yarısında mənzil qiymətlərinin
artım tempi, həmçinin yeni verilən daxili ipoteka kreditləri üzrə
orta faiz dərəcələrinin artımı əlçatanlıq indeksində azalmanı
şərtləndirib. Bununla bərabər, əhalinin sərəncamda qalan gəlirləri
üzrə müsbət dinamik a əlçatanlıq indeksinin bençmark göstəricidən
yüksək olmasına səbəb olub. Mənzil bazarı illə bağlı mövcud açıq
mənbələrdən əldə edilən məlumata əsasən iyun ayının sonunda Bakı
şəhəri üzrə təklif edilən median aylıq kirayə haqqı 883 manat
təşkil edir ki, bu da daşınmaz əmlakın kapitalizasiya müddətinin
22.5 il olmasını şərtləndirir. Bakı şəhəri üzrə təklif olunan orta
ev qiymətlərinin orta aylıq nominal əmək haqqına (Bakı üzrə)
nisbəti isə 217 ay və ya 18.1 il təşkil edir.
Eyni zamanda vurğulanıb ki, tikinti sektoruna yönəldilmiş
investisiyalar müəyyən dövrlərdə dəyişiklik göstərsə də, yaşayış
evlərinin tikintisinə ayrılan vəsaitlər və onların əsas kapitala
yönəldilmiş investisiyalardakı payı artmaqdadır. Bildirilib ki, son
dövrlərdə bu tendensiya daha da güclənmiş və bazar aktivliyinin
yüksəlməsinə səbəb olub.
Məlumata görə, yaşayış evlərinin tikintisi üzrə sərmayə
qoyuluşlarının artması həm yüksək tələblə, həm də dövlət və özəl
sektor tərəfindən həyata keçirilən yeni layihələrlə bağlı olub.
“Ümumilikdə, investisiya axınlarının bərpası, ölkədə həyata
keçirilən tikinti-quruculuq işləri, o cümlədən Prezident sərəncamı
əsasında sənədsiz evlərin sənədləşdirilməsi prosesinin davam
etdirilməsi fonunda tikinti sektoru və daşınmaz əmlak bazarında
aktivliyin yüksək qalacağı gözlənilir”, – deyə məlumatda qeyd
edilib.

