Azərbaycanda cinsi zorakılığa məruz qalmış şəxslərin taleyi – ARAŞDIRMA + FOTO

Cəmiyyət


Dünyanın istənilən ölkəsində məişət zorakılıqlarının baş verməsi hallarına rast gəlinir. Buna qarşı indiyədək aparılan mübarizə çərçivəsində çoxsaylı maarifləndirici tədbirlər həyata keçirilsə də, sadəcə bu kimi halların azalmasına müəyyən qədər nail olunub. Amma ümumilikdə, problem hələ də qalmaqdadır. Görünən odur ki, cəmiyyətlərin olduğu yerdə zorakılıqlar qaçılmazdır. Bunlardan əlavə, məişət zəminində cinsi zorakılıq – yəni, cəmiyyətdə birinin digərini onun iradəsi əleyhinə seksual xarakterli hərəkətlərə məcbur etməsi kimi hallara da rast gəlinir. Bu isə sonradan bir və ya bir neçə insanın həyatının tamamilə darmadağın olmasına gətirib çıxaran cinayət xarakterli hadisələrdən biridir. Əksər hallarda, cinsi zorakılığa məruz qalan şəxslərin taleyi heç də ürəkaçan olmayıb. Bu halla üzləşən qadınların bəzilərinin sonradan ya özlərini cəmiyyətdən təcrid etməsinə, ya intihara əl atmasına, yaxud yüngül həyat tərzi keçirmələrinə şahidlik etmək mümkündür. Müəyyən hallarda isə bu zorakılıqla üzləşsə belə, sonradan cəmiyyətə inteqrasiya olunmağı, öz normal həyatına davam etməyi bacaranlar da olur.

Dövlət Statistika Komitəsindən (DSK) “resmixeber.az”un sorğusuna cavab olaraq bildirilib ki, ölkədə şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə cinayətlər azalıb. Bildirilib ki, bu cinayətlər üzrə 2021-ci ildə 231, 2022-ci ildə isə 213 cinayət hadisəsi qeydə alınıb.

Ümid edirik ki, bu il müvafiq cinayət hadisələrinin sayı elə cari ildən kəskin şəkildə aşağı düşəcək.

Bəs cəmiyyət onlarla necə davranmalıdır? Axı onların günahı yoxdur, sadəcə hansısa cinayətkar tərəfindən zorakılığa məruz qalıb…

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov hesab edir ki, cinsi zorakılığa məruz qalmış qız və oğlanlara mütləq şəkildə psixoloji dəstək verilməlidir.

Onun sözlərinə görə, bu iş aparılmadığı təqdirdə zaman keçdikcə cinsi zorakılığa məruz qalmış şəxslər, xüsusən qızlar həm gələcəkdə ailə qurmaqda, həm təhsil almaqda, həm də cəmiyyətə intqerasiya olmaqda çox böyük çətinlik yaşayırlar:

“Ona görə də bu hallarda psixoloji reabilitasiya işi aparmaq lazımdır. Bəzən cinsi zorakılığa məruz qalmış şəxslər bunu ailə və yaxınlarından gizlədirlər. Səbəb isə cinsi zorakılığı edən şəxs tərəfindən qorxudulması və davamlı olaraq onlara cinsi zorakılıqla paralel psixi zorakılıq tətbiq olunmasıdır. Adətən zorakılıq törədən şəxslər zorakılığa məruz qoyduğu şəxsi hadisəni kiməsə deyəcəyi təqdirdə onu və dediyi adamları da öldürəcəyi ilə hədələyir. İkinci bir tərəfdən isə ailə bunu gördüyü təqdirdə bununla bağlı heç bir tədbir görmür və bəzən buna görə qızın özünü də danlayır və bir qisim ailələrdə belə hallar yaşananda düşünürlər ki, uşaqdır, böyüyəndə yadından çıxacaq. Nəticədə psixoloji dəstəyi unudurlar”.

Cəmiyyətdə bu problemin qarşısını necə almaq olar?

Əslində ən böyük travmanın məhz cinsi zorakılıq nəticəsində alındığını söyləyən psixoloq deyir ki, cəmiyyətdə bu istiqamətdə maarifləndirmə işi davam etdirilməlidir. Onun sözlərinə görə, analar xüsusən qızlarına bu haqda bilgilər verməli, orta məktəbdə də müxtəlif maarifləndirmə işləri aparılmalıdır:

“Belə olan təqdirdə biz cəmiyyətdə bu problemin qarşısını ala bilərik. Bu gün ən böyük problem zorakılığın gizlədilməsinə çalışmaqdır. Amma bunu gizlətmək çıxış yolu deyil. Valideynlər diqqətli olmalıdır. Uşağında hər hansı bir narahatlıq görürsə (özünə qapanma, ünsiyyət qurmamaq və s kimi hallar), mütləq şəkildə bununla bağlı tədbir görməlidir. Təəssüf ki, cinsi zorakılığa məruz qalanların statistikasını aparmaq olmur. Çünki əksər hallarda cinsi zorakılıq gizlədilir”.

E.Rüstəmov bildirib ki, bu istiqamətdə nə qədər çox maarifləndirmə işləri aparılsa, cəmiyyət də bir o qədər bu problemdən sığortalanmış olar. O deyir ki, əks təqdirdə cinsi zorakılığa məruz qalanlar gələcəkdə istəmədən həm özləri, həm də cəmiyyət üçün böyük problemlər yaradarlar. Cinsi zorakılığa məruz qalmış qızların içərisində yüngül həyat tərzi keçirməyə vadar edilənlərin olduğunu söyləyən ekspert deyir ki, bu da travma səbəbindən baş verir.

Dövlət cinsi istismara məruz qalmış şəxsə hansı yardımları göstərir?

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev isə “resmixeber.az”a bildirib ki, cinsi istismar halları ilə bağlı daxil olan müraciətlər diqqətlə araşdırılır.

Elşad Hacıyev

Onun sözlərinə görə, bu kateqoriyadan olan müraciətlər konfidensial xarakter daşıyır. Hheç bir müraciətə etinasız yanaşılmır:

“Zərərçəkmişə zəruri olan bütün köməkliklər göstərilir”.

E.Hacıyev söyləyib ki, bu növ cinayətlərlə bağlı istintaq hərəkətləri polis əməkdaşları tərəfindən həssaslıqla həyata keçirilir. Eləcə də Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, həmçinin hökumət və qeyri-hökumət təşkilatlarının birgə fəaliyyəti nəticəsində cinsi istismara məruz qalmış şəxsin zərurət yarandığı halda sığınacağa yerləşdirilməsi təmin edilir:

“Bununla yanaşı, zərərçəkmişə yaşına müvafiq olaraq psixoloji yardımın göstərilməsi istiqamətində də tədbirlər görülür. Burada məqsəd təkcə əməli törədən şəxsin cəzalandırılması deyil, həmçinin zərərçəkmişin sosial reabilitasiyasını təmin etməklə yenidən cəmiyyətə inteqrasiya olunmasına nail olmaqdır”.

DİN rəsmisi həmçinin vurğulayıb ki, bu hala məruz qalan şəxslər, yaxud onların yaxınları vaxtında hüquq-mühafizə orqanlarına məlumat verməlidir.

Cinsi zorakılıq hadisəsini törədən şəxsin cəzası nədir?

Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Rəşad Əliyev isə bildirir ki, şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlərə görə məsuliyyət Cinayət Məcəlləsinin (CM) 20-ci fəslində nəzərdə tutulub.

O bildirib ki, şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlərdən biri də seksual xarakterli zorakılıq hərəkətləridir.

CM-nin 150-ci maddəsinə görə, zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə 4 ildən 8 ilədək müddətə, ağırlaşdırıcı hallarda 20 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulub.

Rəşad Əliyev

Azərbaycanda şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayət işlərinin hələ də mövcud olduğunu vurğulayan vəkil bu halların tamamilə aradan qaldırılması istiqamətində mütəmadi olaraq mübarizə tədbirlərinin aparılmasının vacibliyini söyləyib.

Bu kimi hərəkətlərə görə məsuliyyət tədbirlərinin həyata keçirildiyini xatırladan hüquqşünas həmçinin deyib ki, bu hadisəni törədən şəxsləri qanunvericilikdə nəzərdə tutulmuş çox ciddi cəza tədbirləri gözləyir.

R.Əliyev bu məsələ ilə bağlı cəmiyyətin bütün təbəqələri arasında maarifləndirmə işlərinin əhəmiyyətindən danışıb. O, həmçinin zorakılığa məruz qalmış şəxslərin psixoloji yardımla yanaşı, həm də hüquqi yardıma da ehtiyacı olduğunu xatırladıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir