Bakının mərkəzindəki piyada keçidlərinin silinən zolaqları niyə bərpa edilmir? – AÇIQLAMA + FOTOREPORTAJ

Cəmiyyət


Bakının bir çox küçə və prospektlərində piyadalar üçün çəkilən zolaqların rəngi solub, ya da ümumiyyətlə xətlər silinib. Yaranmış durum piyadalar və sürücülərdə çaşqınlıq yaradır və təhlükələrə səbəb olur. Bəzi hissələrdə yerləşdirilən piyada nişanları da onların köməyinə çatmır. Bu isə qəzaların baş verməsi ilə nəticələnir.

PhotoStock.az-ın Bakının hərəkətin intensiv olduğu mərkəzə yaxın küçələrindən hazırladığı fotoreportajdan aydın olur ki, yolların bir çoxunda qeyd olunan problem qalmaqdadır. 

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən resmixeber.az-ın sorğusuna cavab olaraq bildirib ki, paytaxtın küçə və prospektlərində yollarda xətləmə işləri, piyada keçidlərinin bərpası, rənglənməsi yol polisinin səlahiyyətində deyil. BDYPİ-nin şöbə rəisi, polis mayoru Araz Əsgərlinin sözlərinə görə, yol polisi problemli nöqtələr aşkarladığı halda siyahılaşdırıb, aidiyyəti qurumlara təqdim edir:

“Biz xidməti ərazimizdə olan çatışmazlıqları bildiririk. İndiyə qədər rəsmi formada təqdim etdiyimiz məktublar ümumilikdə üç minə yaxın belə problemlə bağlı olub. Nişanların düzgün olmaması, xəttin silinməsi, piyada keçidlərində nöqsanlar və s. haqqında təklif göndərmişik. Ümid edirik ki, problemlər tezliklə aradan qaldırılacaq və yollarda hərəkətin təhlükəsizliyi üçün infrastrukturun yaxşılaşdırılması həyata keçiriləcək”.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov isə qeyd edib ki, yol nişanlanma xətlərinin boyalarının silinməsi müxtəlif səbəblərdən baş verə bilir. Mətbuat katibinin sözlərinə görə, boyaların rənginin solması yoldakı hərəkət intensivliyi və meteoroloji amillərin təsiri ilə əlaqədardır:

“Silinən nişanlanma xətlərinin yenilənməsi mərhələli qaydada həyata keçirilir”.

Hazırda hansı istiqamətlərdə bərpa işlərinin həyata keçirilməsi haqqında suala gəlincə, AYNA rəsmisi bu barədə məlumat olmadığını bildirib.

Qeyd edək ki, PhotoStock.az-ın çəkiliş apardığı küçə və prospektlər sırasında Səməd Vurğun, Üzeyir Hacıbəyli, 28 May, Dilarə Əliyeva, Süleyman Rüstəm, Qoqol, Lermontov, Həsən Əliyev, Zahid Xəlilov küçələri, Azadlıq, Bülbül, Hüseyn Cavid, Tbilisi, Mətbuat prospektləri, metronun “Nəriman Nərimanov”, “Nizami” stansiyalarının və Tibb Universitetinin ətrafındakı küçələr var.

Daha çox foto burada: PhotoStock.az

Aysel Aslan

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir