Bu gün “Nine Senses” İncəsənət Mərkəzində Beynəlxalq Yoqa Günü və yay gündönümünə həsr olunmuş tədbir keçirilib.
Media.az xəbər verir ki, mərkəzin işçiləri qonaqları sözün əsl mənasında müxtəlif yoqa üslubları dünyasına səyahətə dəvət ediblər.
Mərkəzin akademik direktoru Nataliya Jukova qeyd edib ki, tədbirin keçirilmə tarixi təsadüfi seçilməyib, çünki 21 iyun təkcə yay gündönümü deyil, həm də Beynəlxalq Yoqa Günüdür:
“Bu, ilin ən uzun günüdür və kainatdakı bütün enerji Yerə yönəlir. Biz Yerin və günəşin bu enerji axınlarını hiss edirik. Ona görə də məhz bu tarixdə Yoqa Günü qeyd olunur. İnsan özünü dərk edir və kainatın mərkəzindən keçərək həyatı yaşadığını hiss edir”, – Jukova məlumat verib.
N.Jukovanın sözlərinə görə, “Nine Senses” incəsənət mərkəzi insanların burada öz daxili hislərini kəşf etməsi üçün xüsusi olaraq yaradılıb.
“Bu məqsəd üçün meditasiya, yoqa, rəqs terapiyası, bədən tərbiyəsi kimi müxtəlif sahələrimiz var… Bu gün bizim mərkəzimiz üçün də bayramdır. Səsli yoqa, improvizasiya ilə bağlı bədən təcrübələri daxil olmaqla, müxtəlif yoqa növlərini mənimsəməyə kömək edəcək gözəl müəllimlərimiz var. Hindistandan olan yoq Nandan Qautam klassik yoqanı öyrədir və bu gün o, öz biliklərini hamıyla pulsuz paylaşır”, – deyə o bildirib.
Natalya Jukova qeyd edib ki, bu gün Mərkəzdə Günəşlə əlaqə praktikası vasitəsilə Ay günü qeyd edilir. Bunun üçün psixoloq, astroloq, bədən terapevti Qalina Xmelevskaya dəvət olunub. O, psixosomatika ilə məşğul olur, bədən vasitəsilə xəstəliklərin səbəbləri haqqında ilkin anlayışlar barədə məlumat verir.
“Bu gün o, günəşə həsr olunmuş ritual keçirir və müəllif meditasiyasını paylaşır. Daha sonra daxili ilahənizi üzə çıxarmağa imkan verən Şakti qadın təcrübəsi (bu, potensialın açılması və təzahürü üçün şüuru genişləndirmək məqsədi daşıyan təcrübədir – red.) dərsi keçiriləcək. Bu təcrübə qadınların bir dairədə dayanaraq nümayiş etdirdikləri orqanik hərəkətlərdən ibarətdir. Eyni zamanda mərkəzə çiçəklər və meyvələr qoyulur. Tədbir ümumi meditasiya ilə başa çatır və axşam İlhamə Babayeva və DJ Ləmanla birlikdə bu günü rəqslə – Ekstatik Rəqslə qeyd edəcəyik. İlhamə bədəndə səsin titrəməsi ilə işləyir. Həmin anda biz özümüzü bu dünyada biruzə veririk. Beləliklə, biz istək və məqsədlərimizi kosmosa buraxırıq, çünki bu anda bütün portallar açıqdır, günəş parlayır və öz bolluğunu bizimlə bölüşür”, – N.Jukova bildirib.
Qeyd edək ki, Ekstatik Rəqs rəqqasların bəzən müəyyən addımlar atmaq məcburiyyətində qalmadan ritmə tabe olduqları və musiqinin sədaları altında sərbəst hərəkət etdikləri rəqs formasıdır ki, bu da transa və ekstaz hissinə səbəb olur.
N.Jukova vurğulayıb ki, bu bayram günündə “Nine Senses” İncəsənət Mərkəzinə firavanlıq arzulayır:
“Biz insanların daxili yaradıcısını üzə çıxarmaq, bədənləri ilə şüurlu şəkildə bağlantı qurmaq üçün çalışırıq. İnsanlar başa düşməlidirlər ki, bədən bizim – nəhəng, gözəl, işıqlı varlıqların kiçik bir hissəsidir”.
Tədbir zamanı ilk mentor Artistik Yoqa təcrübəsini göstərən Nandan Qautam olub. Media.az-la söhbətində Qautam qeyd edib ki, Beynəlxalq Yoqa Günü insanların gündəlik olaraq nə etməli olduğuna diqqətimizi yönəltmək üçün yaxşı fürsətdir:
“Sizə sadə bir misal deyim. Analar Gününü qeyd edərkən onlara çiçəklər veririk. Amma bu heç də o demək deyil ki, biz bunu yalnız bayramlarda etməliyik. Belə əməllər hər gün edilməlidir”.
Onun sözlərinə görə, yoqada insan ona ən yaxın olana diqqət yetirir ki, bu da onun bədəni, düşüncələri və nəfəsidir.
“Yoqa rəqs deyil, öyrənməli olduğumuz bir mövzu deyil, müəyyən mənada sənətdir. Buna görə də Beynəlxalq Yoqa Günü özünüzü xatırlatmaq üçün bir fürsətdir. “Nine Senses” mərkəzi isə bunun həyata keçirilməsi üçün bütün imkanları təmin edir”.
Uşaq yoqa qrupuna Aqşin Hüseynov rəhbərlik edib. O, ölkəmizdə uşaqlar üçün bu qədim təcrübənin çox zəif inkişaf etməsindən təəssüfləndiyini bildirib.
“Mən bunu müəyyən sayda uşağa öyrədirəm. Ancaq başa düşməlisiniz ki, yoqa hər bir uşağın inkişafı üçün lazımdır. Müasir uşaqlar telefon və planşetlərdə çox vaxt keçirirlər, boş vaxtlarında oxuyurlar. Onlara düzgün fiziki fəaliyyət lazımdır. Yoqa isə onları hər cür xəsarətlərdən sığortalayacaq. Bundan əlavə, yoqa uşağa öz bədənini hiss etmək, onu sevmək və ona qulluq etmək imkanı verir. Bu ona özünəinam verir. Yoqa həm emosional, həm də fiziki sağlamlıqdır”, – deyə mütəxəssis bildirib.
A.Hüseynov əmindir ki, valideynlər yoqanın nə olduğunu başa düşəndə övladlarının bununla məşğul olmağa başlamasında maraqlı olacaqlar.
“Nine Senses” üzrə belə bir dərs bu gözəl təcrübə ilə tanış olmaq və onu Azərbaycanda populyarlaşdırmaq üçün əla fürsətdir”, – deyə A.Hüseynov yekunlaşdırıb.
Astroloq və psixoloq Qalina Xmelevskaya müəllif meditasiyası ilə təcrübəsini bölüşüb. O, sənət mərkəzinin hər qonağına doğum tarixləri ilə bağlı fərdi tövsiyələr verib ki, onlar Şakti günəşini yüksəltmək üçün hansı hərəkətlərin lazım olduğunu başa düşə bilsinlər.
Xmelevskayanın fikrincə, günəş sağlamlıq, güc, cəsarət, cəmiyyətdə özünü ifadə etmək, özünü bəyan etmək, məqsədlərinə çatmaq bacarığıdır.
“21 iyun yay gündönümünün qeyd edildiyi ilin dörd mühüm günündən biridir. Belə günlərdə biz həmişə ilin aralıq yekunlarına nəzər salırıq. Bu, istəklərimizi və niyyətlərimizi həyata keçirə biləcəyimiz intensiv enerji günləridir. Çünki kosmosun və kainatın bütün enerjisi bizə güc verir və istəklərimizi işə salır. Buna görə də, bu günlərdə mənəvi təcrübələr aparmaq vacibdir.
Bu gün günəşin enerjisi aktivdir, ona görə də belə günlərdə enerjinizi yüksəltmək vacibdir. Mən özüm müxtəlif təcrübələr və meditasiyalar yaradıram, onlardan bəzilərini bu gün qonaqlarımız üçün mərkəzdə nümayiş etdirmişəm”, – deyə Q.Xmelevskaya bildirib.
Sonda onu da qeyd edək ki, “Nine Senses” yaradıcılıq və özünüinkişaf üçün incəsənət mərkəzi Xəzər dənizinin sahilində yerləşən atmosfer məkanıdır. Mərkəzin missiyası bütün yaş və peşələrdən olan sənətsevərlər üçün təhlükəsiz və harmonik ictimai məkan yaratmaqdır.
Daha çox foto burada: PhotoStock.Az
www.RESMIXEBER.az