Uşaqların döyülməsi normaldır

Cəmiyyət


Kubra Məhərrəmova yazır…

İndi deyəcəyəm, yenə yazacaqlar ki, bəs cəmiyyəti elə günahkar çıxarırsan.

Yaxşı, mən demirəm, özünüz deyin.

Bu məşq zalında idmançının uşaqları döyməsi, zor tətbiq etməsi dəfələrlə olub axı. Düzdür? Bəs bu zalı kirayəyə verən, zalın rəhbəri niyə bir dəfə də olsun bu zorakılığa qarşı çıxmayıb? Niyə videoyazılar indi üzə çıxdı? Çünki qorxusundan üzə çıxartdı.

İndi deyəcəksiniz ki, yiyəsi neyləsin? Ona nə var?

Bəs camaatın qızı hara getdi-gəldi, neçədə getdi-gəldi, “in-out” barədə hamı bilir və danışır. Onda deyin də, filankəsə nə var? Özü bilər.

Amma uşaqlara qarşı zor tətbiq edilir, heç kim vecinə almır. Sanki uşaqların döyülməsi normadır. Evdə, bağçada, məktəbdə, idman zalında və s.

Bax budur bizim cəmiyyət!

Əslində isə məsələnin kökü daha dərindir. Özünə peşə kimi idmanı seçənlərin çoxu savadsız, dünyagörüşü dar, düşüncəsi səthi olur. Ana-bacı “ponyatka”sı, “razborka”lar üçün qol şişirdənlər çox vaxt ad-soyadlarını belə, düzgün yaza bilmirlər. Məktəb bilikləri üzrə sual ver, baxacaq adamın üzünə. Desən, dünya düzdür, deyəcək, elədir. Desən, yumrudur, deyəcək, yumrudur. Mən hələ fizika, kimyadan danışmıram.

Bu qəbil kəslərin düşüncəsi “güc var, ağıl lazım deyil”dən uzağa getmir.

Üç-beş dünya və ya olimpiya çempionumuzu qoyuram kənara. Belə də ki, onlar da boş vaxtlarında atom parçalamırlar. Bir qrup idmançı da var ki, yalvarıb-yaxarıb dövlət strukturlarında özünə iş dilənir. Nə isə…

Cəmiyyətin əksər qismi də “bundan adam olmayacaq, ver idmana, getsin” fikrindən çıxış edərək, övladını verir idmana. Yəni ortada qalmasın deyə. İdman bizim cəmiyyət üçün ən axırıncı yol olur.

Heç kim də deməsin ki, belə deyil. Vaxt var idi, uşaqları əsgər aparmasınlar, həm də əlində diplom olsun  deyə valideynlər Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına müəyyən qiymət qarşılığında qəbullar həyata keçirirdilər. Testdən də nə yığdı-yığdı, ondan-bundan köçür, ol institut uşağı.

Sonra da “dad-bidad, bəs ali təhsilliyəm, amma iş tapa bilmirəm” harayları qopur.

İndi sual olunur, vaqon-vaqon “diplomlu” idmançılar haradadır, hansı sahədə çalışırlar?

Nə isə. Əsas məsələdən uzaqlaşmayaq.

Peşəkar idmanla (bizdə!) məşğul olanların çox az faizi peşəkar idmanda qalır. Yarısı güc strukturlarına, bir qismi kriminal sahəyə yönəlir. Bir qismi də olur məşqçi. Onun da peşəkarlığı göz qabağında.

Hələ yarımçıq idmançı dərd yarıdır. Bakının idman zallarında xeyli sayda “məşqçi” (qadın və ya kişi) meydana çıxıb ki, kimyəvi həblərin hesabına özünü idmançı görünüşünə salıb millətə məşq keçir. Millət də heç soruşmur ki, “a bala, sən haranın idmançısı, nəyin məşqçisisən?” Üç dəfə “jim”, dörd dəfə də press etdirməklə olmur axı.

Sonra da düşürlər həkimlərin qapısına, bəs salaməleyküm, onurğada, çiyində yırtıq əmələ gəlib. Həkimin də insaflısı olsa, müalicə edəcək, insafsızı da salacaq əməliyyata.

Belə də ki, “oxuyan”larımızın hamısı bu gündədir, diplom var, savad yox. Həkimi o cür, məşqçisi də bu cür insanların həyatına son qoyurlar. Az olub ki, adama bir diaqnoz qoyub, o istiqamətdə müalicə ediblər, adam da başqa diaqnozdan həyatını dəyişib?

Ya da əfsanəvi nümunəmiz var. Yadınızda olar, Bakıda şəkərli diabet xəstəsinin qanqrena olan sol ayağının yerinə sağlam olan sağ ayağını kəsmişdi həkim. Angioloji və Mikrocərrahiyyə Mərkəzinin cərrah həkimi Valeh Kərimov hələ açıqlama da vermişdi ki, “Xəstənin hər iki ayağı kəsilməli idi. Vəziyyəti daha pis olan sol ayaq amputasiya olunmalı idi, amma mən sağ ayağı əməliyyat etmişəm. Onsuz da iki-üç gün sonra həmin ayaq da kəsilməli idi. Sadəcə, bunun geci-tezi var idi”.

Yəni bağışlayın da, səhv salmışam. Ayaqdır da, nə olacaq ki?

Vallah, daha bundan artıq olası deyil. Taleyimizlə barışmışıq. Həkimi belə, müəllimi belə, məşqçisi də elə…

Bu gün nə qədər danışsaq da, yeddi yaşlı uşaq geri qayıtmayacaq. Məşqçinin adını da yazmıram, bəzi “humanist”lər gəlib moizə oxuyacaqlar ki, təqsirsizlik prezumpsiyası var, məhkəmə olmadan heç kimə qatil demək olmaz.

Elə dərdimiz də odur ki, lazım olan sözü yerində və vaxtında deyə bilmirik.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir