
Bakı. Trend:
İşləyən anaların ana südünü sağıb saxlaması təhlükəsiz və
tövsiyə olunan üsuldur.
Bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən
canlı yayım zamanı Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Pediatriya
İnstitutunun pediatrı Aygün Məmmədova deyib.
Onun sözlərinə görə, sağılmış ana südü təmiz, steril şüşə və ya
BPA-sız plastik qabda, yaxud ana südünün saxlanması üçün nəzərdə
tutulmuş xüsusi paketlərdə saxlanmalıdır:
“Hər qabın üzərində südün sağılma tarixi və saatı qeyd
edilməlidir. Ana südünün saxlanma müddəti aşağıdakı kimidir:
Otaq temperaturunda (25°C-yə qədər) ən yaxşı nəticə üçün 4 saata
qədər, uyğun gigiyenik şəraitdə maksimum 6 saata qədər saxlamaq
olar. Soyuducuda (4°C və ya daha aşağı) 4 günə qədər saxlamaq
mümkündür. Dondurucuda (-18°C və ya daha aşağı) optimal olaraq 6
aya qədər, qəbul edilən maksimum müddət isə 12 aya qədərdir”.
Pediatr qeyd edib ki, əridilmiş ana südü soyuducuda 24 saat
ərzində istifadə edilməli və yenidən dondurulmamalıdır:
“Süd mikrodalğalı sobada qızdırılmamalıdır, çünki bu, qida
maddələrinin və immunoloji komponentlərin zədələnməsinə, həmçinin
qeyri-bərabər qızmaya səbəb ola bilər. Süd ilıq su vannasında və ya
axar ilıq su altında tədricən isidilməlidir”.

