Google tənqidlərdən sonra Google Earth-də süni intellektlə yaradılan peyk təsvirləri alətini geri götürüb

Baş səhifə

Bakı. Trend:

ABŞ-ın texnologiya nəhəngi Google istifadəyə verilməsindən 24
saat keçməmiş Google Earth platformasında süni intellekt vasitəsilə
peyk təsvirləri yaratmağa imkan verən yeni funksiyanı dayandırıb.
Bundan əvvəl tədqiqatçılar alətin həqiqətə çox bənzəyən saxta
vizual materialların yayılmasına şərait yarada biləcəyi barədə
xəbərdarlıq etmişdilər.

Google cümə günü bildirib ki, dezinformasiya riskləri ilə bağlı
geniş tənqidlərdən sonra bu funksiyanın istifadəsini müvəqqəti
dayandırmaq qərarına gəlib.

“Biz gördük ki, geoinformasiya sahəsində çalışan mütəxəssislər
bu funksiyadan müxtəlif faydalı məqsədlər üçün istifadə edirlər.
Lakin eyni zamanda qaydalarımızı poza biləcək şəkildə yaradılmış
şəkillərin ekran görüntülərinin paylaşılması halları ilə də
qarşılaşdıq”, – deyə şirkətin sözçüsü AFP agentliyinə bildirib.




Şirkətin sözlərinə görə, daha etibarlı təhlükəsizlik
mexanizmləri hazırlanana qədər bu funksiya Google Earth
platformasından çıxarılıb.

Bir gün əvvəl istifadəyə verilmiş “Şəkil yarat” (Create an
Image) aləti istifadəçilərə Google Earth-in peyk, hava və üçölçülü
xəritə məlumatları əsasında istənilən əraziyə yaxınlaşaraq bir neçə
saniyə ərzində süni peyk təsvirləri yaratmağa imkan verirdi. Google
bu funksiyanı “tarixi hadisələri vizuallaşdırmaq, daşınmaz əmlak
layihələri hazırlamaq və digər məqsədlər” üçün nəzərdə tutulmuş
alət kimi təqdim edirdi.

Lakin dezinformasiya üzrə mütəxəssislər xəbərdarlıq ediblər ki,
bu funksiya faktların yoxlanılması üçün mühüm mənbə sayılan Google
Earth-dən sui-istifadə edilərək həqiqətə son dərəcə yaxın saxta
coğrafi materialların hazırlanmasına imkan yarada bilər.