FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim təşkil edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə
Xidmətinin təşkilatçılığı ilə Ağsu rayon “Az-Granata” MMC-nin Şirə
və şərab emalı zavodunda “Fövqəladə hallar zamanı davranış
qaydaları və təxliyə” mövzusunda yanğın-taktiki təlim
keçirilib.

Nazirlikdən bildirilib ki, FHN-in müvafiq canlı qüvvə və
texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd
“Az-Granata” MMC-nin kollektivinə fövqəladə hallar, o cümlədən
yanğınlar zamanı davranış qaydalarının aşılanması, habelə bu kimi
obyektlərdə mümkün yanğınlar zamanı yanğından mühafizə bölmələrinin
fəaliyyətinin daha da təkmilləşdirilməsi olub.




Təlimin nəzəri hissəsində zavodun kollektivinə fövqəladə hallar,
o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları, təxliyə
tədbirləri barədə ətraflı məlumat verilib, suallar cavablandırılıb.
Praktiki hissədə şərti yanğınla əlaqədar “Həyəcan” siqnalı
verildikdən sonra Ağsu Rayon Yanğından Mühafizə Hissəsi ilə yanaşı
Kürdəmir və Göyçay rayonlarının Yanğından Mühafizə hissələrinə
məxsus qüvvələr əraziyə cəlb olunub. Yanğından mühafizə qüvvələri
şərti yanğın yerinə operativ qaydada çataraq, “yanğınla mübarizə”
tədbirlərinə başlayıblar. Həmçinin şərti yanğın baş vermiş ərazidə
təxliyə planına uyğun olaraq işçilərin təhlükəsiz yerə təxliyəsi
həyata keçirilib, şərti xəsarət almış şəxslərə “ilkin yardım
göstərilib” və “yanğın qısa müddətdə söndürülüb”.

Daha sonra təlimdə əldə edilmiş nəticələr müzakirə olunub,
müvafiq tapşırıqlar verilib.