
Bakı.Trend:
Rusiya Ermənistandan süd məhsullarının idxalını bir sıra
müəssisələrdə aparılan yoxlamalardan sonra qadağan edib.
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal
Xidmətinin (Rosselxoznadzor) məlumatına görə, iyulun 14-dən 21-dək
keçirilən yoxlamalar zamanı Rusiyaya ixrac olunan məhsulların
istehsalında yoluxmuş heyvanlardan əldə edilən südün istifadə
edildiyi müəyyən edilib.
“Qeydə alınmış pozuntuları nəzərə alaraq, Rosselxoznadzor
Rusiyaya xüsusilə təhlükəli infeksiyaların daxil olmasının və
daxili bazarda təhlükəsiz olmayan süd məhsullarının satışının
qarşısını almaq məqsədilə müvafiq tədbirlər görüb. Bu,
Ermənistanın, o cümlədən 2019-cu il hökumət islahatlarının
nəticələri səbəbindən kənd təsərrüfatı istehsalçıları üzərində
nəzarəti təmin edə bilmədiyini bir daha təsdiqləyir”, – deyə
qurumun açıqlamasında bildirilir.

