Prezident İlham Əliyev ABŞ-nin iki administrasiyasının fəaliyyəti arasındakı fərqi diqqətə çatdırıb

Baş səhifə

Bakı. Trend:

IV Şuşa Qlobal Media Forumunun açılışında Azərbaycan Prezidenti
İlham Əliyev Trampın gördüyü işlərlə ondan əvvəlki
administrasiyaların fəaliyyəti arasında böyük fərq olduğunu
vurğulayıb. Prezident İlham Əliyev bildirib ki, 30 il davam edən
işğal dövründə ABŞ administrasiyasının o vaxtkı Minsk qrupunun
həmsədrləri ilə birlikdə əsas məqsədləri bu münaqişənin
dondurulmasından ibarət idi. Amma Azərbaycanın əraziləri azad
edilmirdi, halbuki bu istiqamətdə BMT Təhlükəsizlik Şurasının
qətnamələri var idi və bunu onların özləri də qəbul etmişdilər.
Əslində isə, məqsəd bu vəziyyəti dondurmaq və bunu Azərbaycana,
müəyyən mənada Ermənistana qarşı təsir mexanizmi kimi istifadə
etmək idi.

Donald Trampın Ağ Evə qayıdışı Cənubi Qafqaz da daxil olmaqla
ABŞ-nin xarici siyasətində əhəmiyyətli bir dəyişiklik yaradıb.
Əvvəlki Co Bayden administrasiyası demokratiya və insan hüquqları
kimi spekulyativ institusional təzyiq alətindən istifadə etməyə
çalışdığı halda, Tramp administrasiyası geosiyasi rəqabətə, enerji
təhlükəsizliyinə və ABŞ-nin iqtisadi maraqlarını ehtiva edən
praqmatik yanaşma sərgiləyir. Bu transformasiya Azərbaycanla ABŞ
arasında əməkdaşlıq üçün yeni imkanlar açır. Vaşinqton Azərbaycanı
əsasən Avropanın enerji şaxələndirilməsinin təminatında, Orta Asiya
ilə Avropa arasında nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsində
mühüm tərəfdaş və Rusiya, Çin və İranla artan rəqabət fonunda
regional sabitləşdirici rol oynaya bilən bir aktor kimi
qiymətləndirir.

Ən diqqətəlayiq dəyişikliklərdən biri Amerika siyasətində
ideoloji komponentin rolunun azalmasıdır. ABŞ-nin rəsmi bəyanatları
əvvəllər müntəzəm olaraq Azərbaycanın daxili siyasətinə müdaxilə
cəhdini xatrılatsa da, yeni administrasiya təhlükəsizlik, enerji və
ticarət sahələrində praktik əməkdaşlığa daha çox diqqət yetirir.
Bu, Donald Trampın milli maraqları səbatsız liberal gündəmin
təbliğindən üstün tutan “Amerika əfzəldir” prinsipinə əsaslanan
ənənəvi xarici siyasət fəlsəfəsinin tərkib hissəsidir.

Ermənistan-Azərbaycan münaqişəsinin həllinə yanaşmada da
əhəmiyyətli dəyişikliklər müşahidə olunur. 2023-cü ildə
Azərbaycanın Qarabağ üzərində tam nəzarəti bərpa etməsindən sonra
regionun siyasi reallığı dəyişib. Tramp administrasiyası,
münaqişənin nəticələrini yenidən nəzərdən keçirməyə yox,
Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh sazişinin əldə
olunmasını dəstəkləməyə yönəlmiş mövcud güc balansının nəzərə
alınması prizmasından çıxış edir. Ağ Evin demokratik
administrasiyası bu və ya digər şəkildə Ermənistanın mövqeyini
dəstəkləyən bəyanatlarından fərqli olaraq, Donald Trampın hazırkı
kursu daha çox siyasi güzəşt yolu ilə sabitliyə nail olmağa
yönəlib.

ABŞ-nin xarici siyasətində Cənubi Qafqazın daha geniş mənada
Avrasiya strategiyasının bir hissəsi nəzərdə tutulması da
diqqətəlayiqdir. Çini, Orta Asiyanı, Cənubi Qafqazı və Avropanı
birləşdirən Orta Dəhliz dəyişən qlobal logistika fonunda getdikcə
daha böyük əhəmiyyət kəsb edir. Azərbaycan isə bu sistemdə əsas
coğrafi mövqe tutur ki, bu da Vaşinqton üçün onun strateji dəyərini
obyektiv şəkildə artırır.

Bu mənada, enerji amili də əsas rollardan birini oynayır.
Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarına təbii qazın
əsas təchizatçılarından biri kimi vacib tərəfdaşlardan birinə
çevrilib. Avropa Rusiyanın enerji ehtiyatlarından asılılığını
azaltmağa çalışması fonunda, Tramp administrasiyası Cənubi
Qafqazdan keçən enerji marşrutlarının sabitliyini qorumaqda
maraqlıdır, çünki onlar ABŞ müttəfiqlərinin enerji
təhlükəsizliyinin gücləndirilməsinə töhfə verir.

Bu baxımdan, ABŞ-nin regiondakı strateji maraqları dəyişməz
olaraq qalır: sabitliyin qorunması, Rusiya və İranın təsirinin
məhdudlaşdırılması, nəqliyyat marşrutlarının inkişaf etdirilməsi və
enerji infrastrukturunun təhlükəsizliyinin təminatı. Lakin Bayden
administrasiyası bu müstəvidə daha çox siyasi təzyiqə və ictimai
diplomatiyaya güvənsə də, Tramp administrasiyası ikitərəfli
razılaşmalara, iqtisadi əməkdaşlığa və praqmatik dialoqa üstünlük
verir.
Azərbaycan üçün yeni Amerika siyasəti enerji, nəqliyyat və
investisiya sektorlarında əməkdaşlığın dərinləşdirilməsi üçün
əlverişli şərait yaradır. Bununla belə, Bakı çoxvektorlu xarici
siyasət aparır, ABŞ, Avropa İttifaqı, Türkiyə, Rusiya və Orta Asiya
dövlətləri ilə konstruktiv münasibətləri qorumağa çalışır.

Beləliklə, Donald Trampın qayıdışı Cənubi Qafqazda Amerika
strategiyasının fundamental şəkildə yenidən nəzərdən keçirilməsini
deyil, onun mahiyyətinin dəyişməsini nəzərdə tutur. İdeoloji
yanaşma praqmatik tərəfdaşlıq siyasəti ilə əvəz olunur və bu
siyasətdə Azərbaycan əsasən mühüm geoiqtisadi və geosiyasi tərəfdaş
kimi qəbul olunur. Bu kursun davamlılığı həm beynəlxalq vəziyyətin
inkişafından, həm də regiondakı dövlətlərin uzunmüddətli sülh və
əməkdaşlıq arxitekturasını formalaşdırmaq üçün yaranan imkanlardan
istifadə etmək qabiliyyətindən asılı olacaq.

Politioloq Sahil İskəndərov