Tənzimləyici “sandbox” çərçivəsində 35-dən çox innovativ maliyyə məhsulu təqdim olunub – AMB

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda tənzimləyici “sandbox” çərçivəsində 35-dən çox
innovativ maliyyə məhsulu təqdim olunub.

Trend-in
tədbirdəki müxbiri xəbər verir ki, bunu Bakıda keçirilən “Azərbaycanın rəqəmsal maliyyə gündəliyi” tədbirində Azərbaycan
Mərkəzi Bankının (AMB) Maliyyə texnologiyaları və innovasiyalar
departamentinin direktoru Fidan Tofidi deyib.

Onun sözlərinə görə, bu gün rəqəmsal maliyyə xidmətləri gündəlik
həyatın ayrılmaz hissəsinə çevrilib və bir çox bank əməliyyatları
artıq filiala getmədən həyata keçirilir.

“Bir neçə il əvvəl rəqəmsallaşma və rəqəmsal maliyyə
xidmətlərindən danışanda gələcəyi müzakirə edirdik. Bu gün isə
artıq həmin gələcəkdə yaşayırıq. Texnologiyaların inkişafı ilə
yanaşı, istifadəçilərin gözləntiləri də dəyişib və onlar daha
sürətli, əlçatan və rahat maliyyə xidmətlərinə üstünlük
verirlər.

Bu şəraitdə Mərkəzi Bankın rolu da dəyişir. Maliyyə sabitliyinin
təmin olunması və bazarın tənzimlənməsi ilə yanaşı, AMB innovativ
mühitin formalaşdırılmasını da fəaliyyətinin əsas istiqamətlərindən
biri hesab edir”, – deyə o bildirib.

F.Tofidi innovasiyaların inkişafı ilə risklərin idarə olunması
arasında balansın qorunmasının vacibliyini də vurğulayıb.




Departament direktoru xatırladıb ki, 2024-cü ildən Azərbaycanda
cari il başa çatan üçillik Maliyyə Sektorunun İnkişaf Strategiyası
həyata keçirilir.

Onun sözlərinə görə, Mərkəzi Bank artıq növbəti strateji dövrə
hazırlıq işlərinə başlayıb.

F.Tofidi son illərin ən mühüm nailiyyətlərindən biri kimi yeni
maliyyə məhsul və xidmətlərinin bazara tam çıxarılmasından əvvəl
sınaqdan keçirilməsinə imkan verən xüsusi tənzimləyici rejimin
(“sandbox”) istifadəyə verilməsini qeyd edib.

“Mərkəzi Bank yeni məhsul və ya xidmət üçün müvəqqəti icazə
verir və sınaq mühiti yaradır. Həll uğurlu olarsa, onu geniş bazara
çıxarmaq, zərurət yaranarsa isə qanunvericiliyə dəyişiklik etmək və
ya yeni normativ qaydalar hazırlamaq mümkündür. Son iki il ərzində
bu mexanizm çərçivəsində Mərkəzi Banka 35-dən çox yeni maliyyə
məhsulu ilə bağlı müraciət daxil olub.

Əlbəttə, bütün müraciətlər təsdiqlənməyib. Lakin hesab edirəm
ki, bu, kifayət qədər yaxşı göstəricidir”, – deyə o əlavə edib.