Hamburqda AZAL-a məxsus ilk Airbus A321neo təyyarəsinin təhvil verilməsi mərasimi keçirilib (FOTO)

Baş səhifə

Hamburq. Trend:

Hamburqda AerCap şirkəti ilə lizinq müqaviləsi çərçivəsində
“Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) təhvil verilən ilk Airbus
A321neo təyyarəsinin təqdimetmə mərasimi keçirilib.

Trend-in xüsusi müxbirinin məlumatına görə, mərasimdə Airbus
şirkətinin A320 ailəsi proqramının icraçı vitse-prezidenti Kristof
Zammer, Airbus-un Şərqi Avropa və Mərkəzi Asiya üzrə satışlar üzrə
vitse-prezidenti Şarbel Yuzkatli, AerCap şirkətinin Şərqi Avropa və
Mərkəzi Asiya regionu üzrə baş vitse-prezidenti və rəhbəri Con
Qovan, Airbus şirkətinin CFM proqramları üzrə baş meneceri Bruno
Kastola və AZAL-ın baş kommersiya direktoru Cəmil Manizadə çıxış
ediblər.

Tədbirdə çıxış edən Airbus-un A320 ailəsi proqramının icraçı
vitse-prezidenti Kristof Zammer bildirib ki, A321neo ilə AZAL-ın
donanması sənayedə ən yaxşı təyyarələrdən biri hesab olunan bir
hava gəmisi ilə genişlənir.

“İstehsal həcmləri artdıqca biz bu gün gündə iki-üç təyyarə
təhvil veririk, buna görə də çox sayda təntənəli mərasim
keçirilmir. Lakin həqiqətən vacib hadisələr üçün istisna edirik və
bugünkü tədbir də onlardan biridir — sizə ilk A321neo təyyarəsinin
təhvil verilməsi,” – deyə o bildirib.

Zammer qeyd edib ki, bu təyyarə yanacaq səmərəliliyi, səs
səviyyəsinin aşağı olması və sərnişin komfortu baxımından sənayenin
ən yaxşı nümunələrindən biridir.

Onun sözlərinə görə, yeni hava gəmisi AZAL-ın marşrut şəbəkəsini
genişləndirməsinə, sərnişinlər üçün komfortu artırmasına və
gəlirliliyin yüksəlməsinə imkan verəcək.

Airbus-un Şərqi Avropa və Mərkəzi Asiya üzrə satış rəhbəri
Şarbel Yuzkatli isə bildirib ki, AZAL-a ilk Airbus A321neo-nun
təhvil verilməsi həm aviaşirkət, həm də region aviasiya sənayesi
üçün mühüm mərhələdir.

O qeyd edib ki, AZAL uzun illər ərzində xidmət keyfiyyəti və
əməliyyat fəaliyyəti sahəsində yüksək nəticələr əldə edib və bu
inkişaf davamlıdır.

Yuzkatli həmçinin vurğulayıb ki, yeni təyyarə şirkətin
beynəlxalq bazarda mövqeyini daha da gücləndirəcək.




AerCap-in EMEA regionu üzrə rəhbəri Con Qovan bildirib ki,
şirkət AZAL-ın marşrut şəbəkəsinin genişləndirilməsinə dəstək
verməyə hazırdır.

O əlavə edib ki, bu təhvil AerCap tərəfindən AZAL-a verilən üç
A321neo təyyarəsindən birincisidir və bu, donanmanın inkişafında
mühüm addımdır.

Qovan qeyd edib ki, proqram çərçivəsində ümumilikdə üç A321neo
və üç A320neo təyyarəsinin təhvil verilməsi planlaşdırılır və qalan
təyyarələr yaxın aylarda təqdim olunacaq.

CFM şirkətinin Airbus proqramları üzrə baş meneceri Bruno
Kastola isə bildirib ki, Leap-1A mühərrikləri əvvəlki nəsil
mühərriklərlə müqayisədə təxminən 15 faiz daha az yanacaq sərf
edir.

O vurğulayıb ki, AZAL-ın yenidən Leap-1A mühərriklərini seçməsi
şirkətin texnologiyaya və xidmətə olan etimadını göstərir.

AZAL-ın baş kommersiya direktoru Cəmil Manizadə isə qeyd edib
ki, A321neo şirkətin modernizasiya strategiyasında yeni mərhələnin
başlanğıcıdır.

O bildirib ki, bu təyyarə yalnız yeni hava gəmisi deyil, həm də
AZAL-ın inkişafında yeni səhifədir və yaxın illərdə donanmaya daha
çox A321neo təyyarəsinin qoşulacağı gözlənilir.

Tədbir çərçivəsində iştirakçılara “A321neo: təyyarənin yaradılma
yolu” adlı videoçarx nümayiş etdirilib.

Daha sonra Airbus A321neo-nun AZAL-a təhvil verilməsini
simvolizə edən xatirə hədiyyələrinin təqdimetmə mərasimi
keçirilib.