İslam dünyası tarixi sınaqlarla üz-üzədir – İraq parlamentinin sədri

Baş səhifə

Bakı. Trend:

İslam dünyası müasir tarixinin ən mürəkkəb və həssas
mərhələlərindən birini yaşayır, beynəlxalq sistem isə ciddi
sınaqlarla üz-üzə qalıb.

Trend-in
tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu İraq
Nümayəndələr Şurası sədrinin birinci müavini Adnan Faihan Mousa
Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament
İttifaqının (PUIC) 20-ci sessiyasının açılış mərasimində deyib.

O bildirib ki, son bir il ərzində İslam dünyasının müxtəlif
bölgələrində baş verən hadisələr beynəlxalq hüququn və qlobal
idarəetmə mexanizmlərinin effektivliyini ciddi şəkildə sual altına
qoyub.

“Bu gün İslam ümməti müasir tarixinin ən mürəkkəb dövrlərindən
birini yaşayır. Son bir ildə və cari ildə baş verənlər göstərir ki,
yaralarımız hələ də sağalmayıb. Beynəlxalq sistem təhlükə
altındadır, qanunları, müqavilələri və beynəlxalq razılaşmaları
qorumaq üçün yaradılmış institutlar isə şər, təcavüz və həddi aşan
zorakılığın qarşısını almaqda aciz qalıb”, – deyə o qeyd edib.

İraq parlamentinin sədri çıxışında Fələstin, Livan, Suriya və
İran ətrafında baş verən hadisələrə xüsusi diqqət ayırıb.

“Fələstin xalqının, xüsusilə də Qəzza sakinlərinin üzləşdiyi
soyqırımı və müharibə davam edir. Eyni zamanda Qüdsə qarşı gündəlik
hücumlar həyata keçirilir. Livanda xalq dağıdıcı müharibənin
nəticələri ilə üzləşir, Beyrutun cənub əraziləri və ölkənin cənubu
dağıntılar, xarabalıqlar və məhv edilmiş yaşayış məntəqələri ilə
qarşılaşıb. Bundan əlavə, Suriyada davam edən işğalçı fəaliyyətlər
və ABŞ-İsrail hücumlarının İran İslam Respublikasına qarşı
yaratdığı gərginlik region ölkələri arasında təhlükəli vəziyyət
formalaşdırıb”, – deyə o bildirib.

Onun sözlərinə görə, bu proseslər qlobal ticarətin
təhlükəsizliyinə və beynəlxalq nəqliyyat marşrutlarının
fəaliyyətinə də birbaşa təsir göstərir.

“Bu hücumlar və təxribatlar təkcə region ölkələrinin deyil,
bütün dünyanın təhlükəsizliyi və sabitliyi üçün təhdiddir. Bu
siyasət yalnız sionist ekspansionizmə, xalqlarımızın sərvətlərinə
nəzarət etmək cəhdlərinə və milli təhlükəsizliyimizin
zəiflədilməsinə xidmət edir”, – deyə o vurğulayıb.

İraq parlamentinin sədri qeyd edib ki, mövcud vəziyyət İslam
ölkələrinin qarşısında böyük tarixi məsuliyyət yaradır.

“Xarici güclərin müdaxiləsinə və beynəlxalq hüquqa hörmət
etməyən qüvvələrin vasitəçiliyinə həddindən artıq arxalanmaq bizə
yalnız daha çox asılılıq, daha dərin fikir ayrılıqları və
ölkələrimizin böyük güclərin rəqabət meydanına çevrilməsi kimi
nəticələr gətirib”, – deyə o bildirib.

Onun sözlərinə görə, parlamentlər xalqların iradəsini təmsil
edən institutlar kimi hökumətləri daha müstəqil və suveren qərarlar
qəbul etməyə təşviq etməlidirlər.

“Parlamentlərimizin vəzifəsi yalnız bəyanatlar verməkdən ibarət
deyil. Biz hökumətlərimizi milli maraqları qoruyan, kollektiv
təhlükəsizliyi gücləndirən siyasətlərə yönəltməliyik”, – deyə o
qeyd edib.

İraq parlamentinin sədri PUIC çərçivəsində həyata keçirilə
biləcək konkret təşəbbüsləri də səsləndirib.

O, ilk növbədə parlament diplomatiyasının gücləndirilməsinin
vacibliyini vurğulayıb.

“Üzv dövlətlər arasında fikir ayrılıqlarının aradan qaldırılması
və münaqişələrin qarşısının alınması üçün ortaq parlament
komissiyaları və vasitəçilik mexanizmləri yaradılmalıdır.
Məqsədimiz regionumuzu xarici güclərin diktə etdiyi
qarşıdurmalardan qorumaq olmalıdır”, – deyə o bildirib.

İraq rəsmisi iqtisadi əməkdaşlığın genişləndirilməsinin də vacib
olduğunu qeyd edib.

“Parlamentlərimiz kapital axınının asanlaşdırılması, tədarük
zəncirlərinin qorunması və qarşılıqlı investisiyaların təşviqi
istiqamətində yeni qanunlar qəbul etməlidirlər. Bu addımlar
gələcəkdə ortaq İslam bazarının formalaşmasına, ərzaq
təhlükəsizliyinin və davamlı inkişafın təmin olunmasına imkan verə
bilər”, – deyə o vurğulayıb.

O, həmçinin su və dəniz təhlükəsizliyi məsələlərinə toxunaraq
region ölkələrinin strateji su yollarının mühafizəsi istiqamətində
daha sıx əməkdaşlıq etməli olduğunu bildirib.

“Parlamentlər hökumətləri həyati əhəmiyyət daşıyan dəniz
marşrutlarının təhlükəsizliyinin təmin olunmasına təşviq etməlidir.
Eyni zamanda, bu marşrutların qorunması bəhanəsi ilə regionun
hərbiləşdirilməsinə və xarici hərbi müdaxilələrə qarşı çıxmalıyıq”,
– deyə o qeyd edib.

İraq parlamentinin sədri münaqişələrdən və təbii fəlakətlərdən
zərər çəkən bölgələr üçün ortaq inkişaf və yardım fondlarının
yaradılmasını da təklif edib.

“Parlamentlərimiz hökumətlərin və milli qurumların ortaq yardım
və inkişaf fondlarına töhfə verməsini asanlaşdıran qanunvericilik
bazası formalaşdırmalıdır. Bu, zərər çəkmiş ərazilərin bərpasını
sürətləndirəcək və şərtli xarici yardımlardan asılılığı azaldacaq”,
– deyə o bildirib.

Çıxışının sonunda İraq parlamentinin sədri ölkəsinin
parlamentlərarası əməkdaşlığın inkişafına sadiq qaldığını
vurğulayıb.

“İraq öz ərazisinin və hava məkanının hər hansı qonşu dövlətə
qarşı istifadə edilməsinə qəti şəkildə qarşıdır. Bu gün
hökumətlərimizin güclü qanunvericilik dəstəyinə və parlamentlərin
təşəbbüskar roluna ehtiyacı var. Konfransımızın nəticəsi olaraq
qəbul ediləcək tövsiyə və qanunvericilik təşəbbüslərinin milli
parlamentlərimizdə sürətlə reallaşdırılması İslam dünyasının daha
güclü, müstəqil və nüfuzlu gələcəyinə xidmət edəcək”, – deyə o
əlavə edib.