AMB banklara minimum data indikatorları ilə bağlı yeni tövsiyələr hazırlayır

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) banklara minimum data
indikatorları ilə bağlı yeni tövsiyələr hazırlayır.

Trend xəbər
verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş Sistemləri
və Məhsulların İnkişafı Departamentinin baş mütəxəssisi Elvin
Cüvarov Bakıda keçirilən “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti
2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” adlı
beynəlxalq tədbirin ikinci günündə deyib.

Onun sözlərinə görə, anti-frod sahəsində ilkin mərhələdə əsas
diqqət normativ tələblərin və nəzarət mexanizmlərinin
formalaşdırılmasına yönəldilməlidir. Bununla yanaşı, banklar
paralel şəkildə öz daxili anti-frod strukturlarını
gücləndirməlidirlər.

“Reallıq ondan ibarətdir ki, bir çox təşkilatlarda, aparıcı
banklar istisna olmaqla, anti-frod strukturları hələ tam
formalaşmayıb. Əksər hallarda bu funksiyalar müxtəlif bölmələr
arasında bölünüb və sistemli şəkildə idarə olunmur. Bu isə
effektivliyi azaldır. İlk növbədə insan resursu bazası
gücləndirilməli və ayrıca anti-frod strukturları yaradılmalıdır.
Çünki hər bir təşkilat öz anti-frod siyasətini və proseslərini
ayrıca formalaşdırmalıdır. Struktursuz yanaşma isə səmərə vermir”,
– deyə o bildirib.

E.Cüvarov həmçinin “data governance” məsələlərinin vacibliyinə
toxunub. Onun sözlərinə görə, Mərkəzi Bank bu istiqamətdə banklara
beynəlxalq praktikaya uyğun minimum məlumat indikatorlarının
tətbiqi ilə bağlı tövsiyələr verməyi planlaşdırır.




O qeyd edib ki, cihazların müştəri ilə əlaqələndirilməsi üçün
müxtəlif məlumat növlərinin toplanması vacibdir:

“Bu məqsədlə geniş istifadə olunan indikatorlar arasında MAC
ünvanları da yer alır. Lakin cihazların root və ya jailbreak
edilməsi kimi hallarda MAC ünvanının dəyişdirilə bilməsi məlumatın
etibarlılığını azalda bilər. Buna görə də müxtəlif data
kombinasiyalarından istifadə zəruri hesab olunur”.

Baş mütəxəssis əlavə edib ki, cihaz dəyişdirilməsi və oxşar
risklərin qarşısının alınması üçün biometrik autentifikasiya
metodlarına keçidin təşviqi vacibdir. Onun sözlərinə görə, mövcud
gücləndirilmiş müştəri autentifikasiya üsulları fırıldaqçılıq
hallarının qarşısını tam şəkildə ala bilmir.

“SMS kod və kart məlumatları artıq geniş şəkildə əldə edilə
bilir və təcrübə göstərir ki, istifadəçilər bəzən bu məlumatları
phishing hücumları nəticəsində könüllü və ya bilməyərəkdən
paylaşırlar. Buna görə də biometrik autentifikasiya metodlarının
tətbiqi daha etibarlı müdafiə mexanizmi kimi çıxış edə bilər”, –
deyə E.Cüvarov vurğulayıb.