
Gəncə. Trend:
Azərbaycan ilə Macarıstan arasında dostluq münasibətləri yüksək
səviyyədədir.
Bunu Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli
səfiri Tamaş Yojef Torma Gəncəyə səfəri çərçivəsində Trend-ə açıqlamasında
deyib.
Səfir qeyd edib ki, Macarıstan Azərbaycanla mədəni əlaqələrin
inkişafına xüsusi önəm verir və bu istiqamətdə fəaliyyətini davam
etdirir.
“Macarıstan və Azərbaycan arasında çox əla dostluq münasibətləri
var. Biz də bu əlaqələri davam etdiririk və imkan olduqca
Macarıstan mədəniyyətini Azərbaycanda tanıtmağa çalışırıq. Bu
məqsədlə Gəncə şəhərinə də gəlmişik. Burada olmaqdan çox şadam.
Gəncə Azərbaycanın ikinci ən böyük, nüfuzlu, tarixi və mədəni
şəhəridir. Eyni zamanda, Nizami Gəncəvinin doğma torpağındayıq.
Macarıstan mədəniyyətinin burada təqdim olunması bizim üçün böyük
qürurdur”, – deyə o bildirib.
Diplomat “EuroVillage” çərçivəsində Macarıstanın milli-mədəni
irs nümunələrinin nümayiş etdirildiyini də vurğulayıb. Onun
sözlərinə görə, tədbirdə Macarıstana məxsus milli ornamentlər və
xüsusi texnika ilə hazırlanan bəzək əşyaları təqdim olunub.
Səfir qeyd edib ki, “kalarış” adlanan bu bəzək nümunələri kiçik
daşların xüsusi üsulla birləşdirilməsi ilə hazırlanır və
Macarıstanın milli-folklor simvollarını əks etdirir.
“Bu tədbir üçün Macarıstandan iki xalq sənətçisi – Beatrix və
Sidonia Hanembos Gəncəyə gəlib. Biz “EuroVillage” festivalında
Macarıstanı təmsil etməkdən və Gəncədə olmaqdan məmnunuq”, – deyə
diplomat əlavə edib.
Tamaş Yojef Torma Azərbaycan-Macarıstan münasibətlərini “əla
səviyyədə” qiymətləndirib.

