Almaniya Azərbaycanla münasibətləri daha da dərinləşdirmək niyyətindədir – Səfir (ÖZƏL)

Baş səhifə

Gəncə. Trend:

Almaniyanın Azərbaycanla münasibətləri daha da dərinləşdirmək
niyyətindədir.

Bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann Gəncəyə
səfəri çərçivəsində Trend-ə açıqlamasında deyib.

“Azərbaycanda fəaliyyət göstərdiyim dörd il ərzində Gəncəyə
dəfələrlə səfər etmişəm. Həmçinin Göygöl və Şəmkirdə yerləşən
keçmiş alman yaşayış məntəqələrində olmuşam. Avropa İttifaqının
sonuncu dəfə “EuroVillage” tədbirini təşkil etməsindən 10 il keçir.
Buna görə də yenidən Gəncədə olmaqdan, şəhər sakinləri, xüsusilə
gənclər və tələbələrlə görüşməkdən çox məmnunuq”, – deyə səfir
bildirib.

Ralf Horlemann Azərbaycanda alman dilinə marağın yüksək olduğunu
vurğulayaraq, Gəncə universitetlərində də xeyli tələbənin alman
dili öyrəndiyini qeyd edib.

Səfir iki həftədən sonra diplomatik missiyasını başa vuracağını
da açıqlayıb. O bildirib ki, Almaniya Azərbaycanla əməkdaşlığı
gələcəkdə də davam etdirəcək:

“Almaniya fəaliyyətini yalnız Bakı ilə məhdudlaşdırmır.
Sumqayıt, Gəncə, Lənkəran və digər bölgələrdə də fəal işləyirik.
Azərbaycandakı bir çox təşkilatlarla sıx əməkdaşlığımız var və
Almaniya-Azərbaycan münasibətlərini daha da inkişaf etdirmək
niyyətindəyik”.

Diplomat iqtisadi əlaqələrin də genişləndiyini diqqətə çatdırıb.
Onun sözlərinə görə, hazırda Almaniyanın üç enerji şirkəti
SOCAR-dan qaz alır:

“Bakıda çox fəal Alman-Azərbaycan Ticarət Palatası fəaliyyət
göstərir. Onlar mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir.
Ötən il ixracın maliyyələşdirilməsi ilə bağlı keçirilən tədbirdə
Almaniya və Azərbaycandan 200-dən çox şirkət iştirak edib. Bu isə
əməkdaşlıq üçün böyük maraq və potensialın olduğunu göstərir”.