
Bakı. Trend:
Futbol üzrə 2025/26 mövsümünün yekunlaşmasından sonra UEFA ölkə
klub əmsalları cədvəli yenilənib.
Trend xəbər verir ki,
son beş mövsümün nəticələrinə əsasən, İngiltərə 119,519 əmsalla
reytinqin ilk pilləsində qərarlaşıb. İngilis klubları altı
mövsümdür ölkələrini UEFA əmsalları cədvəlinin zirvəsində
saxlayırlar.
İlk beşlikdə İngiltərədən sonra İtaliya, İspaniya, Almaniya və
Fransa yer alıb. İtaliya 99,946 xalla ikinci, İspaniya 97,046 xalla
üçüncü, Almaniya 92,902 xalla dördüncü, Fransa isə 83,498 xalla
beşinci pillədədir.
Azərbaycan 2025/26 mövsümünü 22,937 əmsalla 27-ci sırada başa
vurub. Ölkəmiz cari mövsümdə 5,812 xal toplayaraq mövsümlük
göstəricidə 21-ci nəticəyə imza atıb.
Azərbaycanın bu mövsüm topladığı xalların əsas hissəsini
“Qarabağ” qazandırıb. Ağdam təmsilçisi avrokuboklarda 18,750 xal
toplayıb. Çempion “Sabah” isə 2,500 xal toplaya bilib. Daha sonra
1,500 xalla “Araz-Naxçıvan”, ardınca isə 0,500 xalla “Zirə” gəlir.
Ümumilikdə Azərbaycan klubları mövsüm ərzində 23,250 xal əldə
edib.
2025/26 mövsümündə Azərbaycan Serbiya, Rumıniya, Bolqarıstan,
İsveç, Şotlandiya və Avstriya kimi ölkələri qabaqlayıb. Serbiya və
Rumıniya 5,750, Bolqarıstan 5,187, İsveç və Şotlandiya 5,000,
Avstriya isə 4,100 mövsümlük əmsal toplayıb.
Ölkələr əmsal cədvəlindəki mövqeyindən asılı olaraq UEFA klub
yarışlarında iştirak etmək üçün kvota alırlar.
Hazırda Azərbaycanın dörd kvotası var.

