Dünyada 40 milyon uşaq tütün məhsullarından istifadə edir – ÜST

Baş səhifə

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatı 31 May – Ümumdünya Tütünsüzlük Günü
ilə bağlı yeni statistika açıqlayıb.

Trend bu
barədə xarici mediaya istinadən xəbər verir.

ÜST-nin məlumatına görə, dünyada 13-15 yaş arası ən azı 40
milyon uşaq və yeniyetmə tütün məhsullarından istifadə edir.
Təşkilatın məlumatına görə, gənclər arasında elektron siqaret və
nikotin paketlərindən istifadə halları da artmaqdadır.

ÜST bildirir ki, tütün və nikotin şirkətləri məhsullarını
xüsusilə yeniyetmələr üçün daha cəlbedici etmək məqsədilə müxtəlif
marketinq üsullarından istifadə edir. Bu məhsulların istifadəsi
asanlaşdırılır və tərgitməsi çətinləşdirilir.




ÜST vurğulayır ki, nikotin xüsusilə beyin inkişafı davam edən
uşaqlar və yeniyetmələr üçün yüksək dərəcədə asılılıq yaradan və
zərərli maddədir. Hökumətlər ətirli məhsulların qadağan edilməsi,
reklam və sponsorluğun məhdudlaşdırılması, qapalı məkanların
tamamilə siqaret və elektron siqaretdən azad olunması, həmçinin
nəzarət tədbirlərinin gücləndirilməsi ilə əhalini qoruya bilər.

ÜST həmçinin son dövrlər sürətlə yayılan nikotin paketlərinin
sosial media təsirçiləri vasitəsilə aqressiv şəkildə təbliğ
olunduğunu qeyd edib. Təşkilatın hesabatına görə, təxminən 160
ölkədə bu məhsullara dair xüsusi tənzimləyici qaydalar mövcud
deyil. Parlaq qablaşdırma, müxtəlif dadlar və reklam kampaniyaları
gənclərdə asılılıq yaratmağa yönəlmiş əsas vasitələr kimi
göstərilir.

ÜST-ün məlumatına görə, tütün istifadəsi hər il 7 milyondan çox
insanın ölümünə səbəb olur. Tütün həmçinin ürək-damar və tənəffüs
sistemi xəstəlikləri, eləcə də 20-dən çox xərçəng növü yarada
bilir.