28 May – Müstəqillik Günü Niderlandda qeyd edilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın Niderland Krallığındakı səfirliyinin təşkilatçılığı
ilə 28 May – Müstəqillik Günü münasibətilə Haaqada rəsmi qəbul
təşkil olunub.

Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.

Bildirilib ki, tədbirdə Niderlandın Kral Sarayının, hökumətinin,
parlamentinin, əyalət və şəhər meriyalarının nümayəndələri, Haaqada
fəaliyyət göstərən beynəlxalq təşkilatların və diplomatik korpusun
rəhbərləri, işgüzar və akademik dairələrin, media və dini icmaların
təmsilçiləri, eləcə də Azərbaycan diasporunun üzvləri iştirak
ediblər.

Tədbir Azərbaycan Respublikasının və Niderland Krallığının
Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzadə 28 May –
Müstəqillik Gününün Azərbaycan tarixində xüsusi yer tutduğunu
vurğulayıb. Diplomat Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi
inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirildiyini və bunun nəticəsində Azərbaycanın regionun
aparıcı dövlətlərindən birinə çevrildiyini bildirib.

Səfir çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə
ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpası
istiqamətində əldə olunan nailiyyətlərdən, regionda dayanıqlı
sülhün təmin olunması məqsədilə həyata keçirilən təşəbbüslərdən də
bəhs edib. O, Azərbaycan ilə Niderland arasında siyasi dialoqun,
qarşılıqlı səfərlərin, ticarət əlaqələrinin və investisiya
əməkdaşlığının son illərdə nəzərəçarpacaq dərəcədə genişləndiyini
diqqətə çatdırıb.

M.Əhmədzadə bir neçə gün əvvəl nüfuzlu şirkətlərin təşəbbüsü ilə
yaradılmış Azərbaycan–Niderland Ticarət Palatasının təqdimatının
tədbir çərçivəsində keçirilməsini iki ölkə arasında münasibətlərin
inkişafının mühüm göstəricisi kimi dəyərləndirib. Diplomat,
həmçinin 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli”
elan olunmasını və Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma
Forumunun 13-cü Sessiyasının (WUF13) yüksək səviyyədə təşkilini
xüsusi vurğulayıb.

O, Niderlandın forumda geniş nümayəndə heyəti ilə iştirakını
yüksək qiymətləndirib, forumun təşviqi məqsədilə Niderlandın
müxtəlif əyalət və şəhərlərinə səfərləri zamanı Azərbaycan
bayrağının rəsmi binalar önündə dalğalandırılmasını dostluq
münasibətlərinin təzahürü kimi dəyərləndiribdir.

Niderland Xarici İşlər Nazirliyinin Avropa İdarəsinin rəisi Erik
Veststrate çıxışında Azərbaycan dilində Müstəqillik Günü
münasibətilə təbriklərini çatdırıb. O, Azərbaycanı Niderland üçün
mühüm tərəfdaş adlandıraraq, iki ölkə arasında siyasi və iqtisadi
əlaqələrin dinamik inkişaf etdiyini bildirib. Veststrate Yaxın
Şərqdəki gərginlik fonunda Niderland diplomatlarının İrandan
Azərbaycan vasitəsilə təxliyəsinə göstərilən dəstəyə görə
Azərbaycan hökumətinə minnətdarlığını ifadə edib.

Niderland rəsmisi iqtisadi əməkdaşlığın ikitərəfli
münasibətlərin əsas sütunlarından biri olduğunu qeyd edərək, yeni
yaradılmış Azərbaycan–Niderland Ticarət Palatasının bu əlaqələrin
daha da güclənməsinə töhfə verəcəyinə inandığını bildirib. O,
Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi edən mühüm
platformaya çevrildiyini də vurğulayıb.E. Veststrate bir neçə gün
əvvəl Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının
uğurla təşkil olunduğunu bildirib.

Tədbirdə çıxış edən Haaqa şəhərinin meri Yan van Zanen isə
Bakıda keçirilmiş WUF13-də iştirakından danışaraq, forumun yüksək
səviyyədə təşkil olunduğunu qeyd edib. Mer Azərbaycanın
inkişafından, Bakının zəngin tarixi-mədəni irsindən və iki ölkə
arasında əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensialdan
təsirləndiyini bildirib.

Daha sonra tədbir iştirakçılarına Bakıda keçirilmiş Ümumdünya
Şəhərsalma Forumunun 13-cü Sessiyasına həsr olunmuş videoçarx
nümayiş etdirilib.

Tədbir çərçivəsində yeni yaradılmış Azərbaycan–Niderland Ticarət
Palatasının təqdimatı da keçirilib. Təqdimatda NEQSOL Holding,
Royal Dutch LV Logistics, Damen Shipyards, Royal Haskoning,
Signify, Van Oord, TAMM Solutions, TRAST BV, AZ Legal Services və
BDO kimi şirkətlərin rəhbərləri iştirak ediblər.

Çıxış edən natiqlər qeyd ediblər ki, təsisçi şirkətlərin
əksəriyyəti uzun illərdir Azərbaycan və Niderland arasında iqtisadi
əməkdaşlığın inkişafına mühüm töhfələr verir. Bildirilib ki,
Palatanın əsas məqsədi biznes dairələri arasında əlaqələri
genişləndirmək, yeni tərəfdaşlıqların qurulmasını təşviq etmək və
iqtisadi əməkdaşlıq üçün institusional platforma yaratmaqdır.

Tədbirin mədəni hissəsində Amsterdamdan olan “Watergang Kwartet”
musiqi qrupu çıxış edib. Bir müddət əvvəl Azərbaycan xalq mahnısı
“Qalalı”nı özünəməxsus tərzdə ifa etməklə sosial şəbəkələrdə böyük
maraq doğuran kollektiv tədbir üçün xüsusi musiqi proqramı
hazırlayıb.

Konsert proqramında “Qalalı” xalq mahnısı, Üzeyir Hacıbəylinin
“Arşın mal alan” operettasından “Əsgərin mahnısı”, “O olmasın, bu
olsun” operettasından “Darçını” rəqsi, Fikrət Əmirovun “Göygöl”
əsəri və Pieter Goemansın məşhur “Aan de Amsterdamse Grachten”
əsəri səsləndirilib.