
Bakı.Trend:
Ölkəmiz son iki il ərzində növbəti dəfə qlobal səviyyəli tədbirə
ev sahibliyi edir. Ümumdünya Şəhərsalma Forumu Bakı şəhərində
keçirilir və bu, ölkəmizin artan beynəlxalq nüfuzunun, diplomatik
uğurunun, qlobal müzakirələrə verdiyi aktiv töhfənin, eyni zamanda
dayanıqlı inkişaf gündəliyinə verdiyi dəstəyin göstəricisidir.
Trend xəbər
verir ki, bu fikirləri Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal
Hüseynov WUF13 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Ümumdünya Şəhərsalma Forumunun gündəliyi olduqca
genişdir və burada müxtəlif mövzular müzakirə edilir.
“Bu məsələlərdən biri də miqrasiya və şəhərlər mövzusudur. Bu
gün həmin mövzuda yüksək səviyyəli tədbir keçirildi. Əslində bu
tədbir iki həftə əvvəl BMT-nin Nyu-Yorkdakı Baş katibliyində
keçirilmiş Beynəlxalq Miqrasiya İcmalı Forumunda başlanan
müzakirələrin davamıdır.
İki həftə əvvəl açıqlanan son Dünya Miqrasiya Hesabatına əsasən,
beynəlxalq miqrantların sayı artıq 304 milyona çatıb. Bu rəqəm
yalnız sərhədlərarası miqrasiyanı əhatə edir. Daxili miqrasiya
göstəricilərini də əlavə etsək, bu rəqəmlər bir neçə dəfə artır”, –
deyə o bildirib.
Onun sözlərinə görə, dünya əhalisinin yarıdan çoxunun şəhərlərdə
yaşaması və 2050-ci ilə qədər bu göstəricinin 70 faizə çatacağı
proqnozu şəhərsalma ilə miqrasiya arasındakı əlaqəni daha da
aktuallaşdırır.
“Təbii ki, insanların yeni şəhərlərə yerləşməsi, urbanizasiya
prosesində dövlət və sosial xidmətlərə çıxışı, inteqrasiya və
bərabər imkanların təmin olunması mühüm müzakirə mövzularıdır.
Panel müzakirələrində şəhərsalma siyasəti ilə miqrasiya
siyasətinin bir-birini tamamlamasının vacibliyi xüsusi
vurğulanıb.
Məqsəd dayanıqlı və inklüziv şəhərlərin formalaşdırılması, eyni
zamanda miqrasiya siyasətinin bu prosesə verə biləcəyi töhfələrin
müəyyən edilməsidir”, – deyə o əlavə edib.
O qeyd edib ki, miqrasiya prosesləri ən çox şəhərlərdə özünü
göstərir və onun müsbət təsirləri yalnız düzgün şəhər idarəçiliyi
vasitəsilə əldə oluna bilər.
V.Hüseynov həmçinin vurğulayıb ki, tədbir çərçivəsində
Azərbaycanın Böyük Qayıdış proqramı və işğaldan azad edilmiş
ərazilərdə aparılan yenidənqurma işləri də diqqət mərkəzində
olub.
“Azad edilmiş ərazilərdə həyata keçirilən müasir şəhərsalma
yanaşmaları da müzakirələr zamanı xüsusi qeyd edildi”, – deyə o
bildirib.
Dövlət Miqrasiya Xidmətinin rəisi əlavə edib ki, bu tədbirin
gələcəkdə də davam etdirilməsi planlaşdırılır.
“Biz beynəlxalq şəhərsalma platformalarında miqrasiya
məsələlərinin daim diqqətdə saxlanılmasına çalışacağıq”, – deyə
V.Hüseynov qeyd edib.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü
keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər
görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti
assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı
müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və
Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə
diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya
siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək
səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində
Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın
Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə
hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda
qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv
şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt
və şəhər idarəçiliyi, “yaşıl” urbanizasiya, sosial bərabərlik və
dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr
aparılıb.
Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri
Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında
qardaşlaşma haqqında memorandumun imzalanması olub.
Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə “WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə” (“WUF13 NGO
Forum”) keçirilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi
WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş
forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş
cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər
inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət
edir.

