Qırğızıstan WUF13-də şəhərsalma və turizm üzrə iri layihələr təqdim edib (ÖZƏL)

Baş səhifə

Bakı.Trend:

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13)
meydançasında Qırğızıstan ölkənin müxtəlif regionlarında həyata
keçirilən şəhərsalma, turizm və infrastruktur sahələri üzrə bir
sıra iri layihələri təqdim edib.

Bu barədə Qırğızıstan Respublikasının Tikinti, memarlıq və
mənzil-kommunal təsərrüfatı naziri Nurdan Oruntayev Bakıda
keçirilən WUF13 çərçivəsində Trend-ə özəl müsahibəsində bildirib.

Onun sözlərinə görə, Qırğızıstan pavilyonunda İssık-Qul
vilayətində, Bişkekdə və ölkənin digər yaşayış məntəqələrində
həyata keçirilən layihələr təqdim olunur.

“Layihələr əsasən Tamçı azad maliyyə-iqtisadi zonasında
yerləşir. Bu, respublikamızın turizm sektorunun inkişafına yeni
təkan verəcək”, -deyə N.Oruntayev vurğulayıb.

Nazir əlavə edib ki, Qırğızıstan qış turizmi sahəsində də iri
layihələri fəal şəkildə həyata keçirir.




Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma
Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı
çərçivəsində Bakıda keçirilir.

Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən
aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı
tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya
gətirir.

“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış
məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif
ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri
və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar
formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll
yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün
bir araya gətirəcək.

Proqram praktiki və həll yönümlü platformalar, həmçinin
interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli
müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin
yerli təcrübəyə əsaslanmasını təmin edir.