
Bakı. Trend:
Dayanıqlı şəhərlər və zəlzələyə davamlı infrastruktur
prioritetdir.
Trend xəbər verir ki,
bunu BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təşkil
edilən Dünya Şəhər Forumu (WUF13) çərçivəsində keçirilən nazirlərin
dəyirmi masasında Yaponiya İnfrastruktur nazirinin müavini Şiomi
Hideyuki deyib.
Yaponiya rəsmisi bildirib ki, ölkə infrastrukturun inkişafı
çərçivəsində zəlzələyə davamlı tikinti standartlarını
genişləndirərək binaların ümumi dayanıqlılığını artırmağa çalışır.
O qeyd edib ki, böyük dağıntıların baş verdiyi ərazilərdə “daha
yaxşı bərpa və yenidənqurma” prinsipi əsasında kompleks
yenidənqurma işləri həyata keçirilir.
Rəsmiyə görə, Yaponiya dayanıqlı şəhər inkişafı və milli ərazi
planlaşdırılması çərçivəsində nəqliyyat və şəbəkə infrastrukturunu
gücləndirir, həmçinin regionlara yaradıcı insan resurslarının cəlb
olunmasını təşviq edir.
O bildirib ki, Yaponiya BMT ilə əməkdaşlıq çərçivəsində mənzil
problemlərinin həlli və şəhər inkişafı sahəsində əldə etdiyi
təcrübəni beynəlxalq tərəfdaşlarla bölüşür.
Yaponiya rəsmisi qeyd edib ki, ölkə fəlakət risklərinin
azaldılması, təbii fəlakətlərdən sonrakı bərpa və yenidənqurma,
dayanıqlı şəhərsalma, eləcə də əlçatan mənzil təminatı kimi
sahələrdə bilik və təcrübəsini paylaşmağa davam edəcək.
Eyni zamanda vurğulanıb ki, bu təşəbbüslərin effektivliyi üçün
bütün ölkələr üçün açıq olan platformaların yaradılması vacibdir və
Yaponiya BMT ilə əməkdaşlıqda bu istiqamətdə səylərini davam
etdirir.
Rəsmisi əlavə edib ki, Yaponiya gələn il Yokohamada “Green
Episode 2027” tədbirinə ev sahibliyi edəcək.

