Uqandada “Ebola” virusu qeydə alınıb

Baş səhifə

Bakı. Trend:

Uqandada “Ebola” qızdırmasının yayılması qeydə alınıb.

Trend xəbər verir ki,
bu barədə Uqanda Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, virus Uqandaya Konqo Demokratik
Respublikasından daxil olub.

Mayın 15-də Konqo Demokratik Respublikasında “Ebola” virusundan
65 nəfərin öldüyü bildirilmişdi.




“Ebola” virusu ilk dəfə 1976-cı ildə Sudan və Konqo Demokratik
Respublikasında aşkarlanıb. Həmin epidemiyalardan biri Ebola çayı
yaxınlığında baş verdiyi üçün xəstəlik də öz adını buradan
götürüb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, “Ebola” virusu
infeksiyasından orta ölüm göstəricisi təxminən 50 faizdir. Virus
insanlara yoluxmuş heyvanların qanı və ya digər bədən mayeləri ilə
sıx təmas nəticəsində ötürülür. “Ebola”, həmçinin yoluxmuş
insanların qanı, ifrazatları və digər bədən mayeləri ilə birbaşa
təmas, eləcə də bu mayelərlə çirklənmiş mühitlərlə dolayı təmas
vasitəsilə insandan insana keçir.

Xəstəliyin simptomlarına qızdırma, güclü zəiflik, əzələ
ağrıları, baş və boğaz ağrıları daxildir. Daha sonra qusma, ishal,
səpgi, böyrək və qaraciyər funksiyalarının pozulması, bəzi hallarda
isə qanaxma müşahidə olunur.