
Bakı.Trend:
Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən rəhbərliyi
həyata keçirilən “İnternetə qoşulma və internet infrastrukturu”
İşçi qrupunun növbəti iclası keçirilib. İclasda İşçi qrupun rəhbəri
və üzvləri, eləcə də özəl sektor nümayəndələri iştirak ediblər.
Nazirlikdən Trend-ə verilən məlumata görə, işçi qrupun rəhbəri,
rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov
açılış çıxışı edərək Dünya Bankının “Business Ready (B-READY) 2025”
hesabatında Azərbaycanın kommunal xidmətlər sahəsi, xüsusilə
internet xidmətləri üzrə yüksək nəticə ilə qiymətləndirildiyini
qeyd edib. O bildirib ki, müvafiq hesabatda Azərbaycan internet
xidmətlərinin əməliyyat effektivliyi üzrə 101 ölkə arasında 31,05
xalla 5-ci yerdə qərarlaşıb. Ümumilikdə kommunal xidmətlər
indikatoru üzrə Azərbaycan 83,05 xalla 25-ci mövqedə qərarlaşıb və
bu nəticə ilə region ölkələrini qabaqlayıb.
Toplantıda Dünya Bankı Qrupunun “Business Ready” hesabatının
“Kommunal xidmətlər (internet)” indikatoru ilə bağlı müvafiq sahədə
təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair Yol
Xəritəsi üzrə 2025-ci ildə görülən işlərə dair hesabat təqdim
edilib.
İclasda sözügedən indikatorla bağlı təsdiqlənmiş 2026-cı ilin
Yol Xəritəsi üzrə I rüb ərzində görülmüş işlərə dair hesabat da
təqdim edilib və qarşıda duran vəzifələr müəyyən olunub.
İşçi qrupun rəhbəri biznes mühitinin əlverişliyinin artırılması
və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da
yaxşılaşdırılması məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
və digər aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlərin
görüldüyünü qeyd edib.

