
Bakı. Trend:
Bu ilin 1-ci rübündə Azərbaycanda elektron satınalmalar
nəticəsində dövlət büdcəsinə qənaət edilmiş məbləğ ötən ilin eyni
dövrünə nisbətən 44,6 milyon manat və ya 63,8% artaraq 114,5 milyon
manat təşkil edib.
Trend bu
barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət
Dövlət Agentliyinə istinadən xəbər verir.
Yanvar-mart aylarında elektron satınalmalar nəticəsində dövlət
büdcəsinə qənaət edilmiş məbləğin ehtimal olunan qiymətdə xüsusi
çəkisi isə 16,7% olub.
“2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici üzrə 4,9
faiz bəndi artımın qeydə alınması müvafiq sahədə həyata keçirilən
tədbirlərin effektivliyini bir daha təsdiq edir”, – məlumatda
vurğulanıb.
Eyni zamanda qeyd edilib ki, dövlət satınalmalarında qənaət
məbləği maliyyə resurslarının düzgün planlaşdırılması ilə dövlət
xərclərinin məqsədyönlü istifadəsinin göstəricilərindən
biridir.

