
Bakı. Trend:
Ukrayna Milli Antikorrupsiya Bürosu (UMAB) və İxtisaslaşdırılmış
Antikorrupsiya Prokurorluğu (İAP) Ukrayna Prezidenti Ofisinin
keçmiş rəhbəri Andrey Yermakı korrupsiya işi üzrə ittiham edib.
Trend xəbər verir ki,
bu barədə qurumların sosial şəbəkə hesablarında məlumat
yayılıb.
Məlumata əsasən, Kiyev ətrafında elit yaşayış komplekslərinin
tikintisi zamanı 460 milyon qrivnanın (təxminən 10,5 milyon dollar)
leqallaşdırılması ilə bağlı fəaliyyət göstərən mütəşəkkil qrup ifşa
olunub və iş üzrə əsas fiqurlardan biri kimi sabiq yüksəkvəzifəli
şəxsə ittiham elan edilib.
Bildirilir ki, ittiham Ukrayna Cinayət Məcəlləsinin 209.3-cü
maddəsi — cinayət yolu ilə əldə edilmiş vəsaitlərin xüsusilə külli
miqdarda və mütəşəkkil qrup tərəfindən leqallaşdırılması maddəsi
ilə irəli sürülüb. Həmin maddə üzrə 8 ildən 15 ilədək azadlıqdan
məhrumetmə və əmlakın müsadirəsi nəzərdə tutulur.
Xatırladaq ki, ötən ilin noyabrında UMAB və İAP energetika
sektorunda genişmiqyaslı korrupsiya sxeminin aşkarlanması məqsədilə
“Midas” adlı xüsusi əməliyyat keçirdiklərini açıqlamışdılar.
2025-ci il noyabrın 17-də Andrey Yermakın UMAB tərəfindən
yayılan gizli səs yazılarında hallandığı barədə məlumatlar ortaya
çıxmışdı. Noyabrın 28-də onun yaşayış ünvanında axtarış aparılıb,
həmin günün axşamı isə vəzifəsindən azad edildiyi
açıqlanmışdı.

