
Bakı. Trend:
Bu gün Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü
ildönümü münasibətilə Türkiyə səfirliyi olaraq bütün
müşavirlərimiz, aidiyyəti qurumlarımız və iş insanlarımızla
birlikdə onun məzarını ziyarət etdik.
Trend xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri
Birol Akgün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü
ildönümü ilə bağlı Fəxri xiyabanı ziyarəti zamanı jurnalistlərə
açıqlamasında deyib.
Səfirin sözlərinə görə, onun ideyaları və dövlətçilik baxışları
hər zaman yolgöstərici olub:
“Biz onun Azərbaycan milli dövlətçiliyinin formalaşmasında,
xüsusilə 1990-cı illərin çətin günlərində bu xalqın müstəqilliyini,
ərazi bütövlüyünü və suverenliyini qorumaq istiqamətində göstərdiyi
mübarizəni hər zaman ehtiramla xatırlayırıq.
Ulu Öndər yalnız bu ölkənin müstəqilliyinin təmin olunmasında
deyil, həm də iqtisadi inkişafı, tərəqqisi və bugünkü müasir
Azərbaycanın qurulması baxımından mühüm rol oynayıb. Onun ideyaları
və dövlətçilik baxışları hər zaman yolgöstərici olub.
Bizim üçün Türkiyə–Azərbaycan münasibətləri baxımından da Ulu
Öndərin “Bir millət, iki dövlət” anlayışı bu gün iki qardaş ölkə
arasında mövcud olan mükəmməl münasibətlərin ortaq şüarına
çevrilib.
Ulu Öndərin anadan olmasının 103-cü ildönümündə onun bu xalqa
bəxş etdiyi bütün dəyərləri dərin hörmət, rəhmət və minnətdarlıq
hissi ilə yad edirik”.


