Prezident İlham Əliyev Ulu Öndərin memarlıq ənənəsini bacarıqla davam etdirərək, Azərbaycanı qüdrətli dövlətə çevirdi

Baş səhifə

Bakı. Trend:

Bu gün ətrafımızda, hər yerdə uzun illər davam edən və bitmək
bilməyən, on minlərlə insanın həyatını itirməsinə səbəb olan,
milyonlarla insanı öz yaşayış yerini tərk etmək məcburiyyətində
qoyan müharibələr var. Ümummilli Lider Heydər Əliyevin siyasi
irsindən bəhrələnən Prezident İlham Əliyevin müdrik idarəçiliyi
sayəsində Azərbaycan nəinki ümummilli problemlərin həllinə nail
oldu, həmçinin öz dinamik inkişafını davam etdirir və dövrümüzün
yeni çağırışlarına uyğunlaşmağı, hadisələri qabaqlamağı məharətlə
bacarır. Vətəndaşlarımız gözəl şəhərlərdə sabitlik və təhlükəsizlik
şəraitində yaşayır, çalışır və gələcəyə nikbinliklə baxırlar.

Trend xəbər verir ki,
bu sözlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
rəhbəri Samir Nuriyevin Ümummilli Lider Heydər Əliyevin anadan
olmasının 103-cü ildönümü ilə bağlı məqaləsində yer alıb.

Administrasiyasının rəhbəri bildirib ki, dünyanın müxtəlif
bölgələrində şəhərlər dağılır, Azərbaycan isə işğaldan azad olunmuş
ərazilərində müasir şəhərlər salır, orada insanların layiqli
yaşayışını təmin edir. Azərbaycan qarşıdurmaların, kataklizmlərin
hökm sürdüyü məkan deyil, bu problemlərin həlli ilə bağlı qlobal
müzakirələrin keçirildiyi platformadır. Çünki sözü imzası qədər
qiymətli və dəyərli olan Prezident İlham Əliyevə dünyada böyük inam
və etimad vardır.

“Ümummilli Lider Heydər Əliyev dağılmaq ərəfəsində olan
Azərbaycanı bir memar kimi yenidən qurdu, Prezident İlham Əliyev
isə Ulu Öndərin memarlıq ənənəsini bacarıqla davam etdirərək, onu
qüdrətli dövlətə çevirdi. Olduqca böyük çətinlikləri, sarsıntıları
aşaraq inşa edilmiş bugünkü müasir və qüdrətli Azərbaycan Heydər
Əliyevin memarlıq dühasının və Prezident İlham Əliyevin məharətli
idarəçiliyinin, uzaqgörənliyinin və qətiyyətinin təcəssümüdür”, –
deyə məqalədə vurğulanıb.