Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şükürbəyli kəndində fərdi evlərdə yaradılmış şəraitlə tanış olublar (FOTO)

Baş səhifə

Bakı. Trend:

Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və
Birinci xanım Mehriban Əliyeva Şükürbəyli kəndində inşa edilmiş
fərdi evlərdə yaradılmış şəraitlə tanış olublar.

Trend xəbər
verir ki, dövlətimizin başçısına və birinci xanıma kənddə görülmüş
işlər barədə məlumat verildi.

Bildirildi ki, Şükürbəyliyə rayonun Şıxalıağalı, Dəjəl
kəndlərinin və Mahmudlu qəsəbəsinin sakinləri də daxil olmaqla,
ümumilikdə 2522 nəfərin (615 ailə) köçürülməsi nəzərdə tutulur.
İlkin mərhələdə 635 fərdi ev istifadəyə verilib. Onlardan 615-i
sakinlər, 20-si isə xidməti istifadə üçündür. Evlər 2, 3, 4 və 5
otaqlıdır.

Kənddə sakinlərin rahat yaşaması və sosial məsələlərin həlli
üçün bir sıra işlər görülüb. Burada hər biri 80 yerlik olmaqla 2
körpələr evi-uşaq bağçası, həkim məntəqəsi, musiqi məktəbi,
klub-icma mərkəzi və yerli icra strukturları üçün inzibati bina
tikilib.

Şükürbəyli kəndində 35/10 kV-luq elektrik yarımstansiyası inşa
edilib, elektrik enerjisi, təbii qaz, içməli su, rabitə, həmçinin
internet və “İP TV” şəbəkələri yaradılıb, yollar asfaltlanıb.