Bakıda Beynəlxalq Xalça Forumu – “İstehsal, dayanıqlı inkişaf və qlobal paylanma” adlı ikinci sessiya (FOTO)

Baş səhifə

Bakı. Trend:

Bakı Biznes Mərkəzində II Beynəlxalq Xalça Forumu çərçivəsində “İstehsal, dayanıqlı inkişaf və qlobal paylanma” mövzusunda ikinci
sessiya keçirilib,

Trend xəbər
verir ki, sessiya zamanı iştirakçılar xalça istehsalının müasir
modellərini, bu sahənin inkişafına dayanıqlı yanaşmaları, həmçinin
ənənəvi sənətkarlığın qlobal bazarlara çıxarılması yollarını
müzakirə ediblər. Sessiyanın moderatoru “Azərxalça” ASC-nin kreativ
direktoru və İdarə Heyətinin üzvü Əsmər Babayeva olub.

İlk olaraq Sultanhanı bələdiyyəsinin sədri (Aksaray, Türkiyə) və “Sultansaray Halı” şirkətinin sahibi Fəxri Solak məruzə ilə çıxış
edib. O, əl xalçaçılığı seqmentində kommersiya strategiyaları və
mədəni irsdən bazar məhsuluna keçid barədə danışıb.

“Azərxalça” ASC-nin İdarə Heyəti sədrinin müavini Ceyhun Əliyev
şirkətin milli istehsal modelini təqdim edərək, Azərbaycanda əl işi
olan xalçaların istehsal miqyasının genişləndiyini qeyd edib.

“Kyrgyz Handmade” şirkətinin icraçı direktoru Dinara Asanbayeva
(Qırğızıstan) icma yönümlü istehsal və beynəlxalq əməkdaşlıq
mövzusunda çıxış edib.

“ICOM Nepal”ın sədri Rameş Prasad Davadi Nepalda xalçaçılığın
iqtisadi təsiri və onun dayanıqlı inkişafın təmin edilməsindəki
rolu haqqında məlumat verib.

“The Independent” nəşrinin baş redaktoru Cordi Qreq (Böyük
Britaniya) milli mədəni irsin təbliğində qlobal medianın
əhəmiyyətini vurğulayıb.

“Tumar Carpets” qalereyasının təsisçisi Məryəm Qafurova
(Qazaxıstan) müasir cəmiyyətdə xalçaların dəyəri, statusu və mədəni
əhəmiyyətinin formalaşması ilə bağlı fikirlərini bölüşüb.




Sessiyanı “SOAC Art Consultancy & Curation”ın təsisçisi Sumiyo
Okumura (Yaponiya) yekunlaşdırıb. O, xalçaların mədəniyyətlərarası
kontekstdəki rolunu və onların qlobal tekstil sənəti bazarındakı
mövqeyini qeyd edib.

Sessiya xalça sənayesinin dayanıqlı istehsalı və inkişafı
sahəsində beynəlxalq təcrübə mübadiləsi üçün mühüm platformaya
çevrilib.

Qeyd edək ki, Beynəlxalq Xalça Forumu 1-3 may tarixlərində
İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi
Agentliyinin (AZPROMO) dəstəyi, “Azərxalça” ASC və “İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə
keçirilir.

“Xalça sənayesi: dəyərin yaradılması, brendinq və dünya bazarına
inteqrasiya. Mədəni irsdən rəqabətədavamlı qlobal məhsula doğru”
mövzusuna həsr olunmuş forum aparıcı beynəlxalq ekspertləri,
dizaynerləri, istehsalçıları, tədqiqatçıları, ixracatçıları və
xalça sənayesinin yaradıcı sahələrinin nümayəndələrini bir araya
gətirib.

Bu tədbir möhtəşəm bir festivalın — mədəniyyət marafonunun
yalnız başlanğıcıdır. Artıq 2-3 may tarixlərində Bakının tarixi
mərkəzi olan İçərişəhər canlı xalça məkanına çevriləcək. Əsas
məqsəd Azərbaycan xalçaçılığını dünya arenasında təqdim etmək, onun
zəngin irsini və gələcək inkişaf perspektivlərini nümayiş etdirmək,
həmçinin dünyanın hər yerindən gələn xalçaçıların təcrübə və
bacarıqlarını mənimsəməkdir.

Xatırladaq ki, Azərbaycan xalçaçılarının peşə bayramı olan “Xalçaçı Günü”nə həsr olunmuş Xalça Festivalı bu il həm də “Azərxalça” ASC-nin 10 illik yubileyi ilə üst-üstə düşür.

Tədbirlər haqqında daha ətraflı məlumat bu linkdə: https://bakucarpetfest.az/2026/

İnformasiya dəstəyi – Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az.