
Bakı. Trend:
Xəbər verdiyimiz kimi, dövlət ümumi təhsil
müəssisələrində təhsilini dövlət təhsil standartları əsasında digər
dildə almaq istəyən şagirdlərin təhsil almaq istədikləri tədris
dili üzrə müsahibədən keçirilməsi qaydası təsdiqlənib.
Trend-in əldə
etdiyi məlumata görə, qaydalarda I sinfə qəbul üzrə müsahibənin
hansı meyarlar əsasında qiymətləndiriləcəyi də öz əksini tapıb.
Belə ki, I sinfə qəbul üzrə müsahibə zamanı uşağın tədris
dilini bilmə səviyyəsi aşağıdakı meyarlar əsasında
qiymətləndiriləcək:
- dinləyib-anlama bacarığı
Uşaq sadə tapşırıqları dinləyib yerinə yetirməli, qısa (3-5
cümlədən ibarət) mətni dinləməli və suallara cavab verməli, sualı
diqqətlə dinləyib uyğun cavab verməlidir.
- rabitəli danışma bacarığı
Uşaq özünü təqdim etməli, ailəsi və vətəni haqqında danışmalı,
şəkil əsasında sadə cümlə qurmalıdır.
- söz ehtiyatı
Uşaq əşyaların adlarını düzgün adlandırmalı, heyvan, bitki,
meyvə-tərəvəz, peşə adları kimi ümumi anlayışları tanımalı,
xüsusiyyət bildirən sözlərdən istifadə etməli (rəngləri
adlandırmalı, ölçü və keyfiyyət bildirən sözləri bilməli), ətraf
aləmdə baş verən hadisələri, təbiətdəki mövsümi dəyişiklikləri
təsvir etməlidir.
- hərf və səsləri anlama və tələffüz
etmə
Uşaq səslərdən söz düzəltməli, hərfi formasına görə tanımalı
(böyük və kiçik), danışıqda eşitdiyi səsi müvafiq hərflə
əlaqələndirməli, sözləri aydın tələffüz etməlidir.
Qeyd edək ki, Komissiya üzvlərinin verdiyi ümumi ballar
toplanılır və komissiya üzvlərinin sayına bölünərək yekun bal
müəyyən edilir. Müsahibədən 12 və daha çox bal toplamış şagird
müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunur. Müsahibənin
nəticəsi onun keçirildiyi tarixdən 5 iş günü müddətində elektron
kabinetə göndərilir.


