Gəncə avtomobil zavodu İB-i yerli istehsalın inkişafı istiqamətində vacib addım atıb (FOTO/VİDEO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın avtomobil sənayesində flaqmanlardan olan Gəncə
avtomobil zavodu İstehsalat Birliyi artıq 20 ildən artıqdır ki,
ölkənin istehsal sahəsində yeniliklərə imza atmaqda davam edir.

Trend xəbər
verir ki, 2025-ci ilin iyun ayından etibarən zavodda kommunal
texnikaların konteynerlərinin yığımını 100 faiz yerli istehsal
olaraq reallaşdırılmağa start verib. Belə ki, sifarişə uyğun olaraq
istənilən avtomobilin bazasında müəssisədə istəkdən asılı olaraq
istənilən kubametr tutumlu kommunal maşınların yığımı həyata
keçirilir. Bu günədək Azərbaycan Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin sifarişinə uyğun olaraq KAMAZ-ın bazasında 45 ədəd 20
kubmetr tutumlu kommunal maşınları yığılaraq təhvil verilib.
Kommunal avtomobillərin konteynerləri baza hissəsindən rənglənməyə
qədər müəssisədə yerli mütəxəssislər tərəfindən həyata keçirilir.
Bu da onu deməyə əsas verir ki, Gəncə avtomobil zavodu istehsalat
birliyində artıq texnikaların yığılması ilə yanaşı yerli istehsal
sahələri də inkişf etdirilir. Bunun üçün müəssisədə ən son
texnologiyalardan olar plazma və kəsmə avadanlıqları, əymə və
müxtılif dəzgahlar, müasir qaynaq və digər lazımi avadanlıqlar
quraşdırılıb.

Fəaliyyətini 2004-cü ilin dekabrın 24-də bərpa edən müəssisə bu
müddər ərzində minlərlə müxtəlif modeldə və modifikasiyada
avtomobillərin və kənd təsərrüfatı texnikalarının, avtobus və
müasir elektrobusların, kombaynların yığımını həyata keçirib.
Hazırda zavodda sifarişlərə uyğun olaraq müxtəlif modeldə və
modifikasiyada kənd təsərrüfatı texnikalarının, traktorların yığımı
aparılır. Təkcə bu rəqəmi demək kifayətdir ki, Azərbaycanda 14
300-dən çox Gəncə avtomobil zavodunun istehsal etdiyi traktorlar
ölkənin kənd təsəsrrüfatı sahəsində vətəndaşlara xidmət edir.
Hazırda sifarişlərə uyğun müəssisədə Belarusun MTZ və Almaniyanın
Deutz-Fahr traktorlarının müxtəlif modellərinin yığımı davam
etdirilir.

Traktor və avtomobillərlə, avtobuslarla yanaşı müəssisədə son
illərdə kombaynların və elektrobusların yığımı da reallaşdırılıb.
Azərbaycanda ilk dəfə 2019-cu ildə Gəncə Avtomobil Zavodu İB və
Belarusun “Belkommunaş” ASC arasında bağlanmış ikitərəfli
əməkdaşlıq müqaviləsi çərçivəsində “E-321” markalı elektrobusların
yığımına başlanıldı. Çox fərəhləndirici haldır ki, müəssisədə
yığılan 4 elektrobus hazırda işğaldan azad edilən torpaqlarımızda,
Şuşada xidmət göstərir. Bu müddətdə 6 avtobus, 113 kombayn, 900-ə
yaxın trakror qoşquları, 300-dən çox MAZ qoşquları, 3500-ə yaxın
asma avadanlıqlar yığılaraq təhvil verilib.

Gəncə avtomobil zavodunda müxtəlif modifikasiyada olan
avtomobillərin bazasında xüsusi təyinatlı texnikaların yığımı da
həyata keçirilib. Bu günədək müəssisədə 1500-dən çox KAMAZ, 3000-ə
yaxın MAZ, 700-ə yaxın URAL iri tonnajlı avtomobillər konveyerdən
çıxıb.




Zavod sifarişə uyğun olaraq lazım olan model yük avtomobilllərin
bazalarında müxtəlif tutumlu kommunal maşınlarının yığımını da
reallaşdırır. Ötən müddətdə zavod Minsk abtomobil zavodu və
Almaniyanın Hallaer şirkəti ilə bağladığı müqaviləyə əsasən 60 ədəd
16 və 22 kubmetr tutumlu kommunal avtomibilləri yığaraq istifadəyə
verib.

Gəncə avtomobil zavodu İstehslat Birliyi fəaliyyət dairəsini
genişləndirərək Fövqəladə Hallar Nazirliyini sifarişi əsasında
“Minsk Avtomobil Zavodu” ASC (MAZ) və “Pojsnab” MMC arasında
yanğınsöndürmə texnikasının Azərbaycanda istehsalının təşkilinə
dair üçtərəfli müqavilə imzaladı və bu günədək 15 belə texnikanın
yığımını reallaşdırıb. Bu günlərdə Azərbaycanın Baş Naziri Əli
Əsədovun Belarusa rəsmi səfəri zamanı Baş naziri Aleksandr Turçinlə
görüşünün nəticəsi olaraq Minskdə Belarusun kommunal və
yanğınsöndürmə texnikalarının Azərbaycana tədarükü ilə bağlı yeni
müqavilə imzalanıb. Sənədə əsasən Minsk Avtomobil Zavodu,
“POZHSNAB” MMC və Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi
Azərbaycana 80 MAZ markalı kommunal və yanğınsöndürmə texnikasının
tədarükünə dair üçtərəfli razılığa gəliblər. Razılaşmaya görə
MAZ-ın bazasında kommunal texnikaların konteynerlərinin yığımı yenə
də 100 faiz yerli istehsal olaraq Gəncə avtomobil zavodunda həyata
keçiriləcək.

Beləliklə, 2004-cü ildə cənab Prezident İlham Əliyevin dəstəyi
və təşəbbüsü ilə fəaliyyətini bərpa edən Gəncə avtomobil zavodu
İstehsalat Birliyi ölkə başçısının yeli istehsalın inkişaf
etdirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq müəssisədə yeni
sahələrin yaradılması istiqaməində işləri gücləndirirlər.