Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Sloveniyada 36-cı Ali Səviyyəli Toplantısını keçirib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi “Friends of Western Balkans”
İnstitutu ilə əməkdaşlıq çərçivəsində 27-28 aprel 2026-cı il
tarixlərində Sloveniyanın Lyublyana şəhərində 36-cı Ali Səviyyəli
Toplantısını təşkil edib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, “Qərbi Balkanlar yeni
təhlükəsizlik geosiyasətinin burulğanında” mövzusuna həsr edilən
tədbirdə sabiq dövlət və hökumət başçıları, beynəlxalq
təşkilatların nümayəndələri, xüsusi elçilər, siyasətçilər və
nüfuzlu ekspertlər iştirak ediblər.

Toplantı çərçivəsində Sloveniya Respublikasının Prezidenti
Nataşa Pirts Musar da iştirak edərək Qərbi Balkanlarda mövcud
vəziyyət və regionun gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

Tədbirin açılış mərasimində Sloveniyanın sabiq Prezidenti,
“Friends of Western Balkans” İnstitutunun təsisçisi və Nizami
Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Borut Pahor, eləcə də Mərkəzin
digər üzvləri – Xorvatiyanın sabiq Prezidenti Kolinda
Qrabar-Kitaroviç və Serbiyanın sabiq Prezidenti Boris Tadiç çıxış
edərək Qərbi Balkanlar üçün siyasi sabitlik, təhlükəsizlik və
Avropa perspektivinin əhəmiyyətini vurğulayıblar.

Tədbirdə həmçinin Avstriya, Fransa, İtaliya, Böyük Britaniya və
Almaniyanın Qərbi Balkanlar üzrə nümayəndələri iştirak ediblər.
Bununla yanaşı, Albaniya parlamentinin spikeri də toplantıya
qatılıb.

Toplantı çərçivəsində keçirilən sessiyalarda yeni təhlükəsizlik
geosiyasətinin Avropa İttifaqının gələcəyinə və genişlənmə
prosesinə təsiri, region ölkələrinin siyasi, iqtisadi və
təhlükəsizlik vəziyyəti geniş şəkildə müzakirə olunub. Bununla
yanaşı, NATO və Avropa İttifaqının genişlənməsinin regionun
sabitliyi üçün rolu, eləcə də ABŞ, Rusiya, Çin və Türkiyə kimi
xarici aktorların Qərbi Balkanlardakı təsiri ətrafında fikir
mübadiləsi aparılıb.

Qeyd edək ki, tədbir çərçivəsində ilk dəfə olaraq Qərbi Balkan
ölkələrinin hər biri üzrə ayrıca müzakirələr təşkil olunaraq
onların Avropa İttifaqına üzvlük prosesində əldə etdikləri
irəliləyişlər və mövcud çətinliklər daha dərindən təhlil
edilib.

Tədbir çərçivəsində Mərkəzin Baş katibi Sloveniya
Respublikasının Prezidenti, Albaniya parlamentinin spikeri,
Slovakiya Prezidentinin xarici məsələlər üzrə müşaviri və Borut
Pahor ilə ikitərəfli görüşlər keçirib