
Bakı. Trend:
Bu gün saat 12:10 radələrində “Ulduz–Nərimanov” mənzilində təmas
relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranması
nəticəsində xəsarət alanlar olub.
Trend-in
sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, Respublika Təcili
və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Bakı metrosunda baş
verən hadisə ilə əlaqədar çağırış ünvanına 21 təcili tibbi yardım
briqadası cəlb olunub:
“Təcili tibbi yardım briqadaları tərəfindən 2 nəfər (qadın) – 25
həftəlik hamilə qadın və sağ çiynin travması diaqnozu təyin olunan
43 yaşlı şəxs Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub”.
9 nəfərə isə arterial hipertenziya və stresə qarşı reaksiya
səbəbi ilə yerində yardım göstərildiyi qeyd olunub.
Xatırladaq ki, bu gün 12:10 radələrində metroda texniki nasazlıq
yaranıb və bütün stansiyalara giriş dayandırılıb. Bir saatdan sonra
problem aradan qaldırılıb, stansiyalara giriş bərpa edilib.

