
Bakı. Trend:
Akrobatika və aerobika gimnastikası üzrə Dünya kubokunun ikinci
yarış günündə idmançılar növbəti təsnifat çıxışlarını təqdim
ediblər.
Azərbaycan Gimnastika Federasiyasından Trend-ə bildirilib ki, günün proqramına əsasən,
akrobatika gimnastikasında kişi qrupu, qadın və kişi cütlükləri
temp hərəkətlərində, qadın qrupları və qarışıq cütlüklər isə balans
hərəkətlərində çıxışlarını tamamlayıblar.
Aerobika gimnastikası üzrə isə fərdi, üçlük və qrup
proqramlarında təsnifat mərhələsi keçirilib və finalçılar
müəyyənləşib.
Akrobatika gimnastikasında Azərbaycanı təmsil edən Anahita
Bashiri, Nəzrin Zeyniyeva və Zəhra Rəşidovadan ibarət qadın qrupu
57.370 xal toplayaraq final mərhələsinə vəsiqə qazanıb. Kişi
cütlüyü Seymur Cəfərov və Rəsul Seyidli isə 54.300 xalla finala
yüksəlib.
Aerobika gimnastikasında qarışıq cütlük Mədinə Mustafayeva və
Vladimir Dolmatov 18.550 xal nəticə ilə final mərhələsinə keçid
alıblar. Üçlük proqramında çıxış edən Leyla Bejanova, Arzu Ağayeva
və Xədicə Quliyeva isə 17.088 xal toplayaraq final mərhələsinə
yüksəliblər.
Yarışın növbəti – sonuncu günündə idmançılar final çıxışlarında
medal uğrunda mübarizə aparacaqlar.

