Azərbaycanla Serbiya iqtisadi əməkdaşlığı müzakirə edilib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan və Serbiya arasında iqtisadi əməkdaşlıq müzakirə
edilib.

Trend xəbər
verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl
Cabbarov “X” hesabında paylaşım edib.

“SOCAR-ın prezidenti Rövşən Nəcəf ilə birlikdə Serbiya
Respublikasının mədənçilik və energetika naziri Dubravka Dedoviçlə
görüş keçirdik. Görüş zamanı ölkələrimiz arasında strateji
tərəfdaşlığı və iqtisadi əlaqələrin inkişafında müsbət dinamikanı
vurğuladıq.




Həmçinin enerji, “yaşıl texnologiyalar”, infrastruktur, sənaye
və investisiya sahələrində əməkdaşlığın hazırkı vəziyyətini və
gələcək perspektivlərini, o cümlədən SOCAR ilə əməkdaşlıq
çərçivəsində görülən işləri və potensial birgə layihələri müzakirə
etdik”, – paylaşımda qeyd edilib.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən,
bu ilin yanvar ayında Azərbaycandan Serbiyaya 13,2 milyon ABŞ
dolları dəyərində 34,7 milyon kubmetr təbii qaz (qaz halında) ixrac
edilib. Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu
göstərici məbləğ ifadəsində 3,5 milyon dollar və ya 20,8%, həcminə
görə isə 73 min kubmetr və ya 0,2% azalıb.