Türkiyənin Aİ-yə üzvlüyü ilə bağlı mühüm mesaj

Baş səhifə

Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Ankarada keçiriləcək NATO Liderlər Zirvəsi öncəsi Türkiyənin ittifaqdakı strateji çəkisi, regiondakı rolu və Avropa ordusu bəhslərinə dair mühüm bəyanatlar verib.

Modern.az xəbər verir ki, rəsmi nümayəndə heyəti ilə birlikdə Türkiyəyə səfər edən Kallas Ankaranın həm Yaxın Şərq, həm də Qafqaz regionunda sabitliyin təmin olunmasında əsas oyunçulardan biri olduğunu vurğulayıb.

Kaya Kallas Türkiyənin Avropa təhlükəsizlik arxitekturasındakı və regiondakı yerini yüksək qiymətləndirib: 

“Türkiyə Aİ-yə namizəd ölkədir. İttifaq daxilində bəzi məsələlərdə fikir ayrılıqları olsa da, NATO kontekstindən baxdıqda Türkiyə alyansın ikinci ən böyük ordusuna və çox güclü müdafiə sənayesinə sahibdir. Bu baxımdan o, son dərəcə mühüm mövqeyə malikdir. Avropanın ümumi təhlükəsizliyi və xüsusilə Qafqazdakı sabitlik fonunda Türkiyə ilə davamlı dialoq aparmağa ehtiyacımız var”.

“Avropanın vahid bir orduya ehtiyacı varmı?” sualına qətiyyətlə “Xeyr” cavabını verən Aİ rəsmisi mükərrərlik riskinə diqqət çəkib. O bildirib ki, hər bir üzv dövlətin öz ordusu var və onlar onsuz da NATO-nun ümumi müdafiə sisteminin tərkib hissəsidir. Avropa liderliyinə tabe olacaq ikinci bir ordunun qurulmasının qeyri-mümkün olduğunu deyən Kallas, əsas hədəfin mövcud imkanları gücləndirmək və NATO daxilindəki “Avropa qanadı”nı daha effektiv etmək olduğunu qeyd edib.