
Bakı. Trend:
Aprelin 5-də bölgədə yağan intensiv xarakterli yağışlar
nəticəsində Quba-Qusar rayonları ərazisindən axan çaylarda sululuq
artıb, bəzi çaylarda isə sel müşahidə olunub.
Trend xəbər verir
ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA)
yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti
Xidmətindən məlumat verilib.
Monitorinqlərin nəticələrinə görə, Vəlvələçayda suyun səviyyəsi
97 sm, Qusarçayda 73 sm, Qudiyalçayda 22 sm, Qaraçayda isə 13 sm
artıb. Sel hadisələri Quba rayonundan axan Quruçay, Ağçay,
Qudiyalçay, Vəlvələçay və Karivats çaylarında, Qusar rayonunda
Qusarçay, Hilçay, Yasabçay, Mucuqçay, Ləçətçay, Sudurçay və
Gündüzqalaçayda, Siyəzən rayonunda Ataçay və Gilgilçayda, Şabran
şəhəri ərazisində Dəvəçiçayda, Xaçmaz rayonunda isə Ağçay,
Caqacuqçay və Qaraçayda qeydə alınıb.
Hazırda sel davam edir və vəziyyət tam nəzarətdə saxlanılır.
Monitorinqlər davam etdirilir, əhalinin təhlükəsizliyi üçün müvafiq
tədbirlər görülür.

