
Bakı. Trend:
5 aprel 2026-cı il tarixində Bakı şəhərinin Xətai, Nərimanov,
Qaradağ, Suraxanı, Səbai, Pirallahı rayonlarında, Gəncə (I hissə),
Samux, Yevlax, Şəmkir (I hissə), Ağstafa, Şəki, Lənkəran (I hissə),
Astara, Yardımlı, Ağdam (o cümlədən Kəngərli, Xıdırlı kənd tam orta
məktəbləri) Ağcabədi, Şuşa, Xankəndi (Şəhər 4 nömrəli məktəb və
Kərkicahan kənd tam orta məktəbi), Kəlbəcər (Şəhər 1 nömrəli
məktəb), Xocalı (Şəhər 1 nömrəli və Ballıca kənd tam orta
məktəbləri), Ucar, Zərdab, Şamaxı, İmişli, Hacıqabul, Biləsuvar,
Qusar, Siyəzən, Xızı və Şabranda Dövlət İmtahan Mərkəzi tərəfindən
ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı
keçirilib.
Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, İmtahan keçirilən şəhər
və rayonlarda ümumilikdə 207 imtahan binası, 3664 imtahan zalı
ayrılıb. İmtahanların idarə olunmasına 601 imtahan rəhbəri və ümumi
rəhbər, 4554 nəzarətçi, 670 buraxılış rejimi əməkdaşı (mühafizə) və
207 bina nümayəndəsi ayrılıb.
İmtahanda 49701 şagirdin iştirakı gözlənilirdi.
İmtahanda 54 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil,
serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edib.
Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında
xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz
pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi
nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina
və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb.
Qeyd edək ki, mövcud hava şəraiti ilə əlaqədar Çilov adasına
helikopter uçuşu və gəmi ilə gedişlər təxirə salındığı üçün oradakı
imtahan vaxtı da dəyişdirilib. İmtahan tarixi dəqiqləşəndə həmin
şagirdlərə (3 nəfər) məlumat veriləcək.
İlkin məlumatlara əsasən, 4 nəfərdə mobil telefon aşkar edildiyi
üçün imtahandan xaric edilib və araşdırma aparılır.
İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında
olmayan – şəxsiyyət vəsiqəsini evdə unudan, şəxsiyyəti təsdiq edən
sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı
üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər
də olub.
Növbəti imtahanlarda iştirak edəcək şagirdlərə bir daha
xatırladırıq ki, sənədləri ilə diqqətli olsunlar. İmtahana gələrkən
buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini
(şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə
yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri
yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli
yapışdırılır və şəkil möhürlə təsdiqlənir)) gətirməyi
unutmasınlar.
Aprelin 6-dan etibarən DİM-də imtahan protokollarının və cavab
vərəqlərinin emalına başlanılacaq.
İmtahanda istifadə olunan yazılı cavab tələb edən açıq tipli
tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 6
həftədən sonra elan olunması nəzərdə tutulur.
Xatırladaq ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual
kitabçalarını özləri ilə aparmağa icazə verilib.
İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və
kodlaşdırıla bilən açıq tipli) düzgün cavabları sabah gün ərzində
Dövlət İmtahan Mərkəzinin saytına yerləşdiriləcək.

