
Bakı. Trend:
Çində ilk dəfə olaraq pilotsuz taksilərin hərəkəti anidən
kütləvi şəkildə iflic olub.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir
Çinin Uhan şəhərində baş verən genişmiqyaslı nasazlıq pilotsuz
taksilərin işini dayandırıb: avtomobillər hərəkət zamanı birbaşa
dayanaraq, avtonom nəqliyyatın geniş tətbiqi ilə bağlı yeni
riskləri üzə çıxarıb.
Hadisə sərnişinləri çətin vəziyyətdə qoyub və bu cür sistemlərin
təhlükəsizliyi ilə bağlı ciddi suallar doğurub.
Nasazlıq şəhərin intensiv və yüksək sürətli nəqliyyat axını olan
əsas magistrallarında baş verib.
Polis bildirib ki, xəsarət alan yoxdur, lakin hadisə sərnişinlər
və tənzimləyici qurumlar arasında geniş rezonans doğurub. Bütün
avtomobillər dünyanın ən böyük robotaksi şəbəkələrindən birini
“Apollo Go” xidməti vasitəsilə idarə edən Baidu şirkətinə
məxsusdur.
İlkin araşdırma “sistem nasazlığı”nı göstərsə də, texniki
detallar hələ açıqlanmayıb.
KİV yazır ki, sərnişinlərin bir qismi təhlükəsiz şəkildə
avtomobillərdən düşə bilib, digərləri isə maşınların təhlükəli
mövqedə dayanması səbəbindən tərəddüd edib. Bəzi taksilər
estakadaların üzərində dayanıb; burada hərəkət hər iki istiqamətdə
fasiləsiz və yüksək sürətlə davam edir. Hadisə yerinə gələn
fövqəladə xidmətlər insanların təxliyəsinə kömək edib.

